XƏBƏRLƏR

Azərbaycan Universitetində Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

Azərbaycan Universitetində  Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub

24 oktyabr 2017

Baxış sayı: 4833

Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsində XVIII əsrin görkəmli şairi, ictimai və siyasi xadim Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə şairin ən məşhur şeirləri, sözlərinə yazılmış mahnılar səsləndirilib, Səməd Vurğunun “Vaqif” dramından səhnələr ifa olunub.

Tədbiri Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova açıb. Kafedra müdiri Molla Pənah Vaqifin yaradıcılığı və Azərbaycanın ədəbi-ictimai fikrindəki yeri haqqında məlumat verib. Ülviyyə Rəhimova XIX əsrin ikinci yarısında böyük mütəfəkkir Mirzə Fətəli Axundovun maarifçilik ideyalarının məhz onun poeziyasına söykəndiyini diqqətə çatdırıb.

Daha sonra filologiya tələbələri Sarvan Əliyev (II kurs), Könül Eminova (II kurs), Aynurə Heydərova (II kurs), Fəranə Mikayılova (II kurs), Aygül Quliyeva (II kurs), Bəhruz Nürəddinli (IV kurs), Elşad Qasımlı (II kurs), Məhəmməd İsmayılov (II kurs), Bəhruz Qurbanov (II kurs), Əsli Əbidova (II kurs) tərəfindən şairin “Bəri bax” şeiri, “Hayıf ki, yoxdur” qoşması, “Görmədim” müxəmməsi, Vidadi ilə Vaqifin məşhur deyişməsindən bir hissə təqdim olunub, Səməd Vurğunun “Vaqif” dramından Vaqif və Xuramanın səhnəsi, Vaqiflə Qacarın deyişməsi səhnələri ifa olunub.

Tələbələr ədəbi – bədii gecəyə Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Əminə İbrahimlinin rəhbərliyində hazırlaşıblar.

Tədbiri universitetin rektoru Səadət Əliyeva da izləyib. Rektor tələbələrin mənəvi tərbiyəsində önəmli rol oynayan bu qəbildən tədbirlərin ənənəvi hal almasının zəruriliyini vurğulayıb və tədbirin təşkilatçılarına təşəkkür edib. 

Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən 12 yanvar 2017-ci il tarixində böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanıb. UNESCO tərəfindən 2016-cı ili Azərbaycan klassik ədəbiyyatının iki görkəmli nümayəndəsi İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
24.10.2017


DİGƏR XƏBƏRLƏR