XƏBƏRLƏR

Azərbaycan Universitetində Novruz Bayramı qeyd olunub

Azərbaycan Universitetində Novruz Bayramı qeyd olunub

19 mart 2018

Baxış sayı: 6286

Azərbaycan Universitetində Novruz bayramı müxtəlif tədbirlərlə qeyd olunub. Bədii-musiqili hissədə Novruz Bayramına həsr olunmuş “Diananın Novruz sərgüzəştləri” adlı tamaşa nümayiş olunub. Tərcümə ixtisası üzrə təhsil alan tələbələr tərəfindən ingilis dilində hazırlanan tamaşanın qəhrəmanı Diana rəfiqəsi Sitarənin dəvəti ilə Böyük Britaniyadan Azərbaycana gəlir və qonaq olduğu kənd evində Novruz adət-ənənələri ilə tanış olur.

Diana öyrənir ki,  Novruz Azərbaycan xalqının zəngin adət-ənənələrə malik ən qədim və ən əziz bayramıdır. Azərbaycan xalqı Novruz bayramını təntənəli şəkildə və bir ay əvvəldən başlayaraq qeyd etməyə başlayır. Onun  özünəməxsus adət - ənənələri və bayram ərəfəsində icra olunan mərasimləri nəsildən-nəslə keçərək günümüzə gəlib çatıb. Xüsusilə ilaxır çərşənbə özünəməxsus adətləri ilə diqqəti cəlb edir.  

Tamaşada qonağa bayramlaşma, tonqal qalama və üstündən atlanma, papaqatma, niyyət tutma, səməni göyərtmə, üzük falı, üzərlik yandırma, yumurta boyama və bu kimi bayram mərasimləri haqqında məlumat verilir. Kollektiv şəkildə icra olunan bu mərasimlərdə iştirak edən Diana öyrənir ki, Novruzda həyət-baca təmizlənir, evlər bəzədilır, bayram süfrəsi açılır, süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur, qohumlar bir-birini ziyarət edir, küsülülər barışır.  

Tamaşada Sitarənin nənəsinin gənc qızlarla dialoqları, bayram ilə bağlı xatirələri maraqla qarşılanıb.

Tamaşa Novruz Bayramını tərənnüm edən bayatıların səsləndirilməsi ilə başa çatıb.

Tamaşanı universitetin rektoru Səadət Əliyeva da izləyib. Rektor tədbirin təşkilatçılarına təşəkkür edib və universitetin professor-müəllim heyətini və tələbələrini qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik edib. Səadət Əliyeva deyib: “Novruz bayramı gəlişi ilə ölkəmizə, bütün xalqımıza bol ruzi-bərəkət və sevinc gətirsin”.

Rektor Səadət Əliyeva daha sonra Novruz Bayramına həsr olunmuş guşəyə baxış keçirib. Burada Novruz bayramını simvolizə edən məişət və geyim əşyaları nümayiş olunur. Guşədə tələbələrin şəkil çəkdirmələri üçün milli geyimli “tantamareska” da var.

Günün sonunda isə universitet kollektivi üçün bayram süfrəsi təşkil olunub, Novruz tonqalı yandırılıb.

“Diananın Novruz sərgüzəştləri” tamaşasının ssenarisi Xarici dillər kafedrasının müəllimi Gülçöhrə Qədirova tərəfindən yazılıb. Tələbələr tamaşaya kafedranın müdiri Samirə Məmmədovanın rəhbərliyində hazırlaşıblar. Baş rolları Fidan Ali (Tərcümə, IV kurs), Sitarə İsmayılova (Tərcümə, IV kurs) və Vəfa Axundova, köməkçi rolları isə  Nigar Rəhimova (Tərcümə, II kurs), Türkan Mahmudova (Tərcümə, II kurs), Hüriyyə Səlimova (Tərcümə, II kurs), Məleykə Naibova (Tərcümə, IV kurs), Aytac İsmayılova (Tərcümə, II kurs), Nərgiz Ağayeva (Tərcümə, III kurs), Həmidə Zeynallı (Tərcümə, II kurs), Mehriban Rüstəmova (Tərcümə, IV kurs), Sadiq Məhərrəmli (Tərcümə, III kurs), Mayıl Möhbalayev (Tərcümə, III kurs), Seymur Nəcəfov (Tərcümə, III kurs) ifa edib. Tədbirin aparıcılığını universitetin İngilis dili müəllimliyi ixtisası üzrə məzunu Elnarə İskəndərova edib, texniki işləri isə Səbinə Məmmədova (Tərcümə, IV kurs) yerinə yetirib.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.03.2018


DİGƏR XƏBƏRLƏR