XƏBƏRLƏR

Azərbaycan Universitetində “Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində “Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirilib

25 iyun 2022

Baxış sayı: 1059

Azərbaycan Universitetində  “26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü”nə həsr olunmuş tədbir keçirilib. İctimai elmlər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Silahlı Qüvvələri Gününün təsis edilməsini tarixi, Azərbaycanda milli ordu quruculuğunun keçdiyi tarixi inkişaf yolu, mərhələləri, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfərin Azərbaycan tarixindəki yeri və əhəmiyyəti haqqında məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə açılış nitqi ilə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov çıxış edib. Prorektor çıxışında Azərbaycanda ordu quruculuğuna  tarixi aspektdən nəzər salaraq qeyd edib ki,  Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması ölkədə ordu quruculuğu istiqamətində atılmış ilk və ən vacib addımlardan biri olub. Tarixi varislik ənənəsinə uyğun olaraq bu ilk nizami hərbi hissənin yarandığı gün – 26 İyun ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Yusif Qasımov çıxışında Azərbaycanda ordu quruculuğu sahəsində bu gün gedən proseslərə də toxunub. Bildirib ki, ən müasir hərbi texnika ilə təchiz olunan müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya öz gücünü nümayiş etdirib və Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Bu, Azərbaycan ordusunun son 100 ildə qazandığı ən böyük zəfərdir.  

Daha sonra Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili departamentinin müdiri, professor Tahirə Allahyarova “Azərbaycan ordusunun hərbi, elmi, texniki inkişafı”, İctimai elmlər kafedrasının müdiri, prof. Qabil Əliyev “Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan Ordusu”,  kafedranın müəllimi Cabbar Mahmudov “Azərbaycanda milli ordu quruculuğunun ilk addımları” mövzusunda çıxış ediblər.

Sonda Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisası üzrə II kurs magistratura tələbəsi Aliyə Hacıyevanın hazırladığı video-çarx nümayiş olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR