XƏBƏRLƏR

Azərbaycan Universitetində Ümumdünya Sosial İş Günü qeyd olunub

Azərbaycan Universitetində Ümumdünya Sosial İş Günü qeyd olunub

17 mart 2016

Baxış sayı: 5918

Azərbaycan Universitetində “Ümumdünya Sosial İş Günü”nə həsr olunmuş tədbir keçirilib. Sosial iş fakültəsinin nəzdində fəaliyyət göstərən “Empatiya” klubu tərəfindən təşkil olunmuş tədbirdə universitet rəhbərliyi, ixtisas üzrə təhsil alan tələbələr, Sosial iş ekspertləri və digər qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə Sosial iş fakültəsinin dekanı Aygün Musayeva açıb. Dekan, “Ümumdünya Sosial İş Günü” və tədbirin hazırlıqları haqqında məlumat verərək tələbələrə təşəkkür edib. “Empatiya” klubunun sədri, Sosial iş ixtisası üzrə III kurs tələbəsi Nigar Temrazova “Ümumdünya Sosial İş Günü”nün tarixi haqqında təqdimatla çıxış edib.
Tədbirdə Sosial iş ixtisasının tanıtım videosu nümayiş olunub. Qeyd olunub ki, video Azərbaycan Universiteti Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin təşəbbüsü ilə hazırlanıb və bu, ölkədə ilkdir.
Gender stereotipləri və onlarla mübarizəyə həsr olunmuş video-çarx iştirakçılar tərəfindən maraqla qarşılanıb və böyük alqış alıb. Tədbirdə Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin nümayəndəsi Sədaqət Paşayeva təmsil etdiyi qurum tərəfindən stereotiplərlə bağlı həyata keçirilən maarifləndirmə işləri haqqında məlumat verib.
Azərbaycana Birgə Yardım Fondunun (UAFA) nümayəndəsi Züleyxa Nəcəfova, Avstriyalı ekspert, “Azərbaycanda sosial xidmətlərin təşklinin inkişafı” layihəsinin məsləhətçisi Herbert Paulişin tədbirdə qaldırılan məsələlər və "Ümümdünya Sosial İş Günü"nün təsis olunması barədə öz fikirlərini bölüşüblər.
Sosial iş ixtisası üzrə təhsil alan tələbələrdən Yasin Zadə və tədbirin qonağı, Azərbaycan Neft və Sənaye Universitetinin magistrantı Səidə Əzimzadə insanları cəmiyyətdəki problemlərin həlli uğrunda mübarizəyə səsləyən rep tərzində musiqi nömrəsi ilə çıxış ediblər.
Dünyanın bir sıra universitetlərində Sosial iş ixtisası üzrə təhsil alan tələbələr “Ümumdünya Sosial İş Günü” ilə bağlı təbriklərini video vasitəsiylə tədbir iştirakçılarına çatdırıblar.
Sonda xatirə şəkli çəkdirilib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
17.03.2016

DİGƏR XƏBƏRLƏR