XƏBƏRLƏR

Azərbaycan Universitetində yeni tədris ili başlayıb

Azərbaycan Universitetində yeni tədris ili başlayıb

29 sentyabr 2021

Baxış sayı: 1805

Bu gün Azərbaycan Universitetində 2021/2022-ci tədris ilinə start verilib. Yeni tədris ilinin ilk günündə dərslər sanitar-epidemioloji qaydalara uyğun olaraq ənənəvi formada təşkil olunub. Universitetin rektoru Səadət Əliyeva birinci kurs tələbələrinə müraciət edib. Rektor yeni tədris ilinin başlanması münasibətilə universitetin professor-müəllim heyətini və tələbələri təbrik edib, pandemiya səbəbiylə dayandırılan ənənəvi dərslərin 19 ay sonra bərpa olunduğunu bildirib. Səadət Əliyeva qeyd edib ki, 2020-ci ilin mart ayında bütün dünyanı bürüyən pandemiya məsafədən təhsilə keçidi zəruri edib. Üç semestr ərzində Azərbaycan Universitetində tədris Təhsil Nazirliyinin tövsiyəsi ilə Microsoft Teams platformasından istifadə etməklə onlayn rejimdə yüksək səviyyədə  təşkil edilib.

Rektor bildirib ki, pandemiya səbəbilə universitet daxilində müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Tədris prosesinin fasiləsiz və uğurla davam etməsi üçün tələbələr və heyət bina daxilində tibbi maskadan istifadə etməli, sosial məsafəni gözləməli və gigiyena qaydalarına ciddi əməl etməlidirlər. 18 yaşı tamam olan tələbələr isə mütləq peyvənd olunmalıdırlar.

Səadət Əliyeva tələbələrə ixtisaslarını yaxşı öyrənmək, iş dünyasına hazırlanmaq, gələcəkdə böyük uğurlara imza atmaq üçün tələbəlik illərini səmərəli keçirmələrini, universitetin yaratdığı imkanlardan maksimum faydalanmağı tövsiyə edib. Rektor vurğulayıb ki, Azərbaycan Universiteti özünün texniki və kadr resurslarını yalnız güclü mütəxəssis deyil, həm də əsl vətəndaş yetişdirmək üçün səfərbər edib.

Səadət Əliyeva müraciətində Azərbaycanın bir il bundan əvvəl Vətən Müharibəsinə başladığını, işağldan qarış-qarış azad olunan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandığını xatırladaraq qeyd edib ki, xalqımıza asan başa gəlməyən qələbə Prezident İlham Əliyevin siyasi iradəsi, Azərbaycan Ordusunun qüdrəti və xalqımızın həmrəyliyi nəticəsində qazanılıb. İşğaldan azad olunmuş torpaqlar bizə əmanətdir, hər birimiz bu əmanətə sadiq olmalı, öz doğru əməllərimizlə torpaqlarımızı bizə qaytaranlara mənəvi borcumuzu ödəməliyik.

Rektor bildirib ki, 2021-ci il Azərbaycan Universiteti üçün xüsusilə əhəmiyyətlidir. 1991-ci ildə təsis olunan Azərbaycan Universiteti ölkəmizin müstəqilliyinin bərpası ilə həmyaşıddır. Azərbaycan Universiteti daşıdığı adın məsuliyyətini dərk edir və daim ona layiq olmağa çalışır. Səadət Əliyeva öz biliyini, istedadını, əməyini Azərbaycan Universitetinin təsis olunmasına və inkişafına sərf edən hər kəsə təşəkkür edib.

Daha sonra fakültə dekanları və tyutorlar tərəfindən tədris prosesi, universitetin daxili prosedur qaydaları, mühazirə və seminar dərsləri, kitabxanadan istifadə, imtahanların təşkili, tələbələr üçün yaradılan imkanlar barədə məlumat verilib.

İctimaiyy lə əlaqələr şöbəsi
29.09.2021

DİGƏR XƏBƏRLƏR