XƏBƏRLƏR

Azərbaycan Universitetinin 2020-ci il üzrə elmi hesabatı təqdim olunub

Azərbaycan Universitetinin 2020-ci il üzrə elmi hesabatı təqdim olunub

26 fevral 2021

Baxış sayı: 2995

Azərbaycan Universitetinin 2020-ci il üzrə elmi hesabatını elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva təqdim edib. Onlayn formatda təşkil olunan iclasda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub, soyqırımın beynəlxalq aləmdə tanınmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyi diqqətə çatdırılıb.

Lətifə Ağamalıyevanın təqdim etdiyi elmi hesabat 2020-ci ildə keçirilmiş respublika və beynəlxalq səviyyəli elmi konfranslar, elm şöbəsi tərəfindən təşkil olunmuş elmi tədbirlər, “İpək Yolu” elmi jurnalının fəaliyyəti, beynəlxalq elmi əməkdaşlıq sahəsində əldə edilmiş uğurlar, dərc edilmiş elmi işlər və bu kimi elmi və elmi-təşkilati fəaliyyət haqqında məlumatı əhatə edib.

Elmi işlər üzrə prorektor Yusif Qasımovun indekslənən “Entropy” jurnalının “Entropy and Its Applications across Disciplines” adlı xüsusi buraxılışının həmbaş redaktoru təyin edilməsi, Çexiyanın Müdafiə Universiteti ilə birgə tədqiqat qrupunun yaradılması, universitet əməkdaşlarının indekslənən jurnallarda 75 elmi məqaləsinin nəşr olunması, universitetin “Clavirate Analytics” Agentliyinin “Web of Science” bazası əsasında müəyyən edilən “H” indeksinin 2020-ci ildə 2-dən 9-a yüksəlməsi, Azərbaycan Universitetinin tarixində ilk dəfə olaraq AMEA Rəyasət Heyətinin qərarı ilə bu qurumun “Ən Mühüm Nəticələr” siyahısında təmsil olunması 2020-ci il üzrə elmi hesabatın diqqət çəkən məqamları olub.  

Təqdimatın ardından elmi işlər üzrə prorektor Yusif Qasımov hesabatla bağlı sualları cavablandırıb, universitetin pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq səmərəli elmi fəaliyyət göstərdiyini bildirib.  Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Asif Hacıyev, kafedranın müdiri Ülviyyə Rəhimova, Riyaziyyat və informatika kafedrasının professoru Aqil Xanməmmədov, İctimai elmlər kafedrasının müdiri Qabil Əliyev, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva çıxış edərək hesabatla bağlı fikirlərini bölüşüblər.

Müzakirələrdən sonra  universitetin 2020-ci il üzrə elmi hesabat uğurlu hesab olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi 
26.02.2021

DİGƏR XƏBƏRLƏR