XƏBƏRLƏR

Azərbaycan Universitetinin 340 tələbəsi təcrübəyə başladı

Azərbaycan Universitetinin 340 tələbəsi təcrübəyə başladı

16 fevral 2022

Baxış sayı: 1759

Azərbaycan Universitetinin bakalavriat pilləsində təhsil alan IV kurs tələbələri istehsalat, magistratura pilləsində təhsil alan II kurs tələbələri isə elmi-pedoqoji təcrübəyə başlayıb. Biznes və iqtisadiyyat, Humanitar fənlər və İnformasiya-kommunikasiya texnologiyaları fakültələrində təhsil alan 13 ixtisas üzrə 294 bakalavriat, 9 ixtisas üzrə 46 magistratura tələbəsi müxtəlif qurumlarda təcrübə keçəcəklər.

Müxtəlif dövlət orqanları və onların tabeliyində olan müəssisələr, bank, maliyyə, turzm, keyfiyyət təminatı üzrə və digər şirkətlərdə təcrübəçi tələbələrə 48 müəllim rəhbərlik edəcək.

Elmi-pedaqoji təcrübədə magistratura tələbələri Azərbaycan Universitetində pedaqoji fəaliyyətin forma və metodlarını öyrənəcək, kafedra və fakültələrin fəaliyyəti,  iş prinsipləri ilə yaxından tanış olacaq, dərs dinləmələrində iştirak edəcək və dərslər keçəcək, ixtisaslarının pedaqoji tərəfini təcrübədə tətbiq edəcəklər. Elmi-tədqiqat təcrübəsi zamanı təcrübəçilər tədqiqat fəaliyyəti ilə məşğul olacaqlar.

Həm təcrübəçi tələbələr, həm də onlara rəhbərlik edəcək müəllimlərə təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, sənədləşmə işləri, qiymətləndirmə sistemi və meyarları, üzərlərinə düşən öhdəliklər haqqında daha ətraflı məlumat təcrübənin onlayn başlanğıc konfransında təqdim olunub. Tədbirdə təcrübə müddəti ərzində yerinə yetiriləcək işlər ilə bağlı tövsiyələr verilib.

Elmi-pedaqoji təcrübə 16 mart 2022, elmi-tədqiqat təcrübəsi 12 aprel 2022, istehsalat təcrübəsi isə 24 may 2022-ci il tarixində yekunlaşacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.02.2022

DİGƏR XƏBƏRLƏR