XƏBƏRLƏR

Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın Novruz Bayramı təbriki

Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın Novruz Bayramı təbriki

19 mart 2021

Baxış sayı: 2479

Xalqımızın tarixin dərin qatlarından günümüzə daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz Bayramının yeri əvəzsizdir. Yamyaşıl səməniləri, noğullu-nabatlı xonçaları, gur tonqalları ilə gözoxşayan Novruz, bayramlarımızın baş tacı, xalqımızın qədim və zəngin dünyagörüşünün, abadlıq, quruculuq, xeyirxahlıq, xoş niyyət, həmrəylik  kimi ən ali, ən humanist duyğularının ifadəsidir.

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq bu il biz əziz Novruz Bayramını zəfər ovqatında, böyük qürur və fərəh hissi ilə qeyd edirik.  Qışın bahara məğlub olduğu, qaranlığın işıqla əvəzləndiyi təbiət nizamında olduğu kimi, xalqımız da şər üzərində qələbə çalaraq doğma vətənimizin ərazi bütövlüyünü bərpa edib. Sevinc sevincə, bayram bayrama qarışıb.

Azərbaycan Universitetinin kollektivini, xalqımızı, dünyanın müxtəlif ölkələrində yaşayan bütün həmvətənlərimizi Novruz Bayramı münasibətilə ürəkdən təbrik edir, əziz bayram günlərində hər kəsə can sağlığı, sevinc və səadət, hər evə, hər ailəyə bahar ovqatı, süfrələrə bolluq-bərəkət, xalqımıza sülh və tərəqqi arzulayram.

Qələbə daim bizimlə olsun!
Novruz Bayramınız mübarək olsun!

İctimaiyyətlə əlaqələr şöbəsi
19.03.2021

DİGƏR XƏBƏRLƏR