XƏBƏRLƏR

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

28 may 2020

Baxış sayı: 3599

Bu gün tariximizdə taleyüklü əhəmiyyətə malik hadisənin - Şərqdə və Türk-İslam dünyasında ilk parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102 illiyini qeyd edirik.

Xalqımızı bu böyük bayram münasibəti ilə təbrik edir, müstəqilliyimizin sarsılmaz, dönməz və əbədi olması yolunda yeni uğurlar, yeni qələbələr arzulayırıq!

1918-ci il mayın 28-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul olunub. Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Milli Ordu və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub.

Yaddaşlarımıza tariximizin ən şanlı səhifələrindən biri kimi həkk olunan Azərbaycan Xalq Cümhuriyyəti qısa ömründə böyük uğurlar əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan müstəqilliyinin rəsmən tanınması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə öz üzərinə götürdüyü tarixi missiyanı şərəflə yerinə yetirən Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub,  xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikamızın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

Bolşevik Rusiyasının 1920-ci ilin 27 aprel təcavüzü Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnib və onun ərazisində Azərbaycan Sovet Sosialist Respublikası təsis olunub.

Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan Respublikası məhz tarixi varislik üzərindən qurulub, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul edib. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 May günü ölkəmizdə Respublika Günü kimi qeyd olunur.

Dövlət başçısının sərəncamına əsasən, 2018-ci il Azərbaycanda "Cümhuriyyət ili" elan olunub, AXC qurucularının fəaliyyəti daim yüksək qiymətləndirlib, xatirələri əbədiləşdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
28.05.2020


DİGƏR XƏBƏRLƏR