XƏBƏRLƏR
Azərbaycan Universiteti AKTA-nın hesabat tədbirində təmsil olunub
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təhsil istiqamətində fəaliyyətinə dair hesabat tədbiri və AKTA-nın təşəbbüsü ilə universitetlərdə yaradılmış kiberklubların koordinasiya görüşü təşkil olunub.
Tədbirdə Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev və informasiya texnologiyaları ixtisası üzrə ikinci kurs tələbəsi, eyni zamanda kiberklubun sədri Fateh Məmmədov iştirak ediblər.
Tədbir zamanı AKTA-nın icra etdiyi “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” layihəsinin hesabatı təqdim olunub, həmçinin noyabr ayında keçirilməsi nəzərdə tutulan “Gənclərin CTF Kuboku”nun təşkili, komandaların hazırlanması və universitet kiberklublarının yarışda iştirakı ilə bağlı məsələlər müzakirə olunub. Yarışın formatı, keçirilmə qaydaları və iştirakçılar üçün nəzərdə tutulan praktiki tapşırıqlar barədə məlumat verilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, eləcə də nazirliyin Təhsil sisteminin informasiyalaşdırma idarəsi və digər tabeli qurumlarının, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, AKTA-nın üzv şirkətləri və ekspertləri, kiberklubların fəaliyyət göstərdiyi universitetlərin müəllim və tələbə heyəti iştirak edib.
Qeyd edək ki, CTF kuboku (Capture The Flag — Bayrağı tut) kibertəhlükəsizlik sahəsində keçirilən və iştirakçıların informasiya təhlükəsizliyi biliklərini praktikada sınadıqları beynəlxalq və yerli yarış formatıdır. Bu yarışlarda iştirakçılar xüsusi hazırlanmış sistemlərdəki boşluqları taparaq gizlədilmiş məxfi məlumatı — “bayrağı” (flag) ələ keçirməyə çalışırlar.
İctimaiyyətlə əlaqələr şöbəsi
