XƏBƏRLƏR
Azərbaycan Universiteti Beynəlxalq Sosial İşçilər Federasiyasına üzv olub
Azərbaycan Universiteti Beynəlxalq Sosial İşçilər Federasiyasına (International Federation of Social Workers / IFSW) üzv olub. Azərbaycan Sosial İş İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində baş tutan üzvlük, sosial iş sahəsində daha geniş əməkdaşlıq əlaqələrinin qurulmasını hədəfləyir.
Qeyd olunan üzvlük Azərbaycan Universitetinin dünya üzrə sosial iş praktikasına daxil olmasına imkan yaradır, həmçinin Azərbaycanın sosial iş sahəsindəki təcrübələrinin artırılmasına, dünya təcrübələri ilə birləşdirilməsinə, beynəlxalq sosial iş standartlarının ölkəmizdə tətbiqinə mühüm töhfələr verəcəkdir.
Əməkdaşlıq çərçivəsində beynəlxalq təcrübə və metodologiyaların ölkə daxilində tətbiqinə başlanılması, sosial işçilərin peşə bacarıqlarının artırılması və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər planının hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Universiteti və “Sosial iş” İctimai Birliyi arasında yanvar ayında əməkdaşlıq haqqında memorandum imzalanıb.
İctimaiyyətlə əlaqələr şöbəsi