XƏBƏRLƏR

Azərbaycan Universiteti EATDA-nın şəbəkələşmə görüşündə təmsil olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin beynəlxalq reytinqlər üzrə məsul şəxsləri arasında növbəti şəbəkələşmə görüşü keçirilib. Azərbaycan Universitetini görüşdə Riyaziyyat və informatika kafedrasının müdiri Rəşad Məstəliyev təmsil edib. 

Tədbirdə EATDA-nın direktoru Ülkər Səttarova və agentliyin Beynəlxalq layihələrin idarə olunması sektorunun müdiri Zülfiyyə Şəfiyeva ali təhsil müəssisələrinin nümayəndələri qarşısında çıxış edib. Ülkər Səttarova beynəlxalq reytinqlərdə iştirakın ali təhsil müəssisələrinin beynəlxalq nüfuzunun artırılması istiqaətində yaratdığı imkanlar, əldə olunmuş uğurlar və qarşıda duran hədəflər haqqında məlumat verib. Zülfiyyə Şəfiyeva isə 2024-cü ilin I yarımili ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib. 

Görüşdə universitetlərin qabaqcıl beynəlxalq reytinqlərdə iştirakı ilə bağlı müzakirələr aparılıb, insan davranışları üzrə mütəxəssis Təbriz Hacınski tərəfindən birgə fəaliyyəti təşviq edən interaktiv komanda oyunları təşkil olunub.

Qeyd edək ki, ali təhsil müəssisələrinin reytinq komandaları arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan görüşdə 30-a yaxın ali təhsil müəssisəsinin nümayəndəsi iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR