XƏBƏRLƏR
Azərbaycan Universiteti ECAR layihəsinin növbəti görüşündə təmsil olunub
Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində tələbə-məzun komitəsinin növbəti görüşü keçirilib. Görüşdə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi və Təlim Tədris Mərkəzinin rəhbəri Elmira İsmayılova və həmin şöbənin mütəxəssisi Sevlan Qurbanova iştirak ediblər.
Bakı Biznes Universitetinin Tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov iştirakçılara layihə çərçivəsində Azərbaycan universitetlərində aparılan tələbə sorğusunun nəticələri və təhlili haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. ECAR layihəsinin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir. Layihə 14 iyul 2024-cü il tarixinə qədər uzadılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi