XƏBƏRLƏR

Azərbaycan Universiteti “Qarabağın dirçəlişi” mövzusunda müsabiqə elan edir

Azərbaycan Universiteti “Qarabağın dirçəlişi”  mövzusunda müsabiqə elan edir

06 fevral 2024

Baxış sayı: 414

Azərbaycan Universiteti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsi elan edir. Müsabiqənin məqsədi işğaldan azad olunmuş torpaqlarda başlanan quruculuq işlərində gənclərin aktiv iştirakının təmin edilməsidir. Müsabiqədə Azərbaycanın bütün universitetlərini təmsil edən bakalavriat və magistratura tələbələrinin yeni ekoloji, innovativ ideyaları, “smart city - smart village” konsepsiyasının reallığa çevrilməsi üçün təkliflərinin toplanması, gənc istedadların üzə çıxarılması və onların elmi tədqiqata cəlb olunması nəzərdə tutulur. Müsabiqənin əsas istiqaməti ətraf mühitin yaxşılaşdırılmasına, sağlamlığa mənfi təsirinin azaldılmasına və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək ən yaxşı elmi-praktik layihələrin müəyyənləşdirilməsidir.

Müsabiqə aşağıdakı istiqamətlər üzrə keçirilir:

  • Alternativ və bərpa olunan enerji və onun saxlanması (külək, günəş-istilik, hidroenerji, biokütlə, bioqaz, dəniz sistemləri, hidrogen və s.)
  • Enerjiyə qənaət, idarəetmə və effektivlik (enerjinin idarə edilməsi, elektrik şəbəkələri, enerji  istehsal sistemləri, enerjiyə qənaət edən cihazlar, alternativ mühərriklər)
  • Enerji menecmenti, nəqliyyatda enerjiyə qənaət, adi və alternativ yanacaq növləri (alternativ yanacaqlar, hibrid nəqliyyat vasitələri, alternativ nəqliyyat sistemləri, alternativ mühərriklər)
  • Enerji, elm, texnika və cəmiyyət (hüquqi çərçivələr və idarəedici orqanlar, maliyyə sxemləri və proqramlar – beynəlxalq, regional və yerli, iqlim dəyişikliyi, meteorologiya, ekoturizm, ekologiya və inkişaf)
  • Dayanıqlı enerji sistemləri və intellektual şəbəkələr
  • Arxitektor dizayner  layihələri (smart city, ekoloji təmiz tikinti materialları, ekodizayn, innovativ tikinti texnologiyaları)
  • İşğal dövründə və hərbi əməliyyatlar nəticəsində çirklənmiş ərazilərin təmizlənməsi və kənd təsərrüfatı üçün yararlı hala salınması

Müsabiqə 2 mərhələdə təşkil olunur. 3 may-15 may 2024-cü il tarixlərini əhatə edən I mərhələdə ən yaxşı elmi işlər II mərhələdə iştirak etmək üçün seçiləcək. I mərhələnin nəticələri müsabiqənin saytında yerləşdiriləcəkdir. II mərhələ isə 17 may - 30 May 2024-cü il tarixlərini əhatə edəcək. Bu mərhələyə keçən iştirakçılar layihələrini komissiya qarşısında  təqdim edəcəklər. Hər iştirakçıya 20 dəqiqə vaxt veriləcək, təqdimatların hazırlanması, auditoriyaya çatdırılması səviyyəsi də qiymətləndiriləcəkdir.

Daxil olan işlər komissiya tərəfindən işin aktuallığı və yeniliyi; tədqiqata yanaşmanın orijinallığı; aparılan tədqiqatın dərinliyi və innovativliyi; alınmış nəticələrin qoyulan məsələlərə uyğunluğu və əsaslandırılması; görülmüş işin nəzəri və tətbiqi əhəmiyyəti; təqdimatın hazırlanması, çıxış zamanı interaktiv materiallardan istifadə edilməsi kriteriyaları əsasında dəyərləndiriləcəkdir. Müsabiqənin qaliblərinə  I, II və III dərəcəli diplomlar, hədiyyələr və pul mükafatı təqdim ediləcəkdir. Müsabiqənin qalibi üçün 1000 manat, II yer üzrə 800 manat, III yer üzrə isə 600 manat məbləğində mükafat müəyyən edilib. Bundan əlavə ən maraqlı təqdimat, ən innovativ layihə kimi əlavə nominasiyalar üzrə də mükafatlandırma nəzərdə tutulur. Yekun seçim qərarı və qaliblərin təltif olunması mərasimi 14 iyun 2024-cü il tarixində Azərbaycan Universitetində keçiriləcəkdir. Müsabiqədə iştirak  etmək istəyənlər  30 aprel 2024-cü il tarixinə qədər  öz işlərini ərizə forması ilə birlikdə  elm@au.edu.az ünvanına göndərə bilərlər. İşin hazırlanması, strukturu, tərtibi qaydaları haqqında məlumat, həmçinin ərizə forması Azərbaycan Universitetinin saytında, müsabiqənin səhifəsində yerləşdirilib. 

Müsabiqənin səhifəsinə keçid:
https://www.au.edu.az/az/research/musabiqe_ekolahiye_2024

Əlavə məlumat əldə etmək istəyənlər Azərbaycan Universitetinin Elm şöbəsi ilə əlaqə saxlaya bilərlər. 

  • Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
  • Tel.: (+994) 12 431 41 12 (160)
  • E-poçt: elm@au.edu.az

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR