XƏBƏRLƏR

Azərbaycan Universiteti İtaliyada keçirilən “International Staff Week” tədbirində təmsil olunub

Azərbaycan Universitetinin nümayəndə heyəti İtaliyanın Tuscia Universitetində keçirilən “International Staff Week 2026” beynəlxalq həftə tədbirində iştirak edib. Ənənəvi tədbirdə universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, Tədris şöbəsinin müdiri Leyla Ağamalıyeva, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev və Təlim-Tədris Mərkəzinin rəhbəri Samir Salayev təmsil ediblər.

Builki mövzusu “Süni intellekt, inklüzivlik və ali təhsildə davamlılıq” olan tədbirin açılış mərasimində Tuscia Universitetinin rektoru, professor Tiziana Laureti çıxış edərək beynəlxalq əməkdaşlığın ali təhsil sistemində artan rolunu vurğulayıb. Növbəti günlərdə isə müxtəlif struktur bölmələrinin nümayəndələri - Carlo Contardo, Felicetta Ripa, Angela Fattoretti və Melissa Elefante tərəfindən Tuscia Universitetinin fakültələri, beynəlmiləlləşmə strategiyası haqqında iştirakçılara ətraflı məlumat verilib, strategiya çərçivəsində həyata keçirilən fəaliyyətlər, mobillik layihələri, beynəlxalq əməkdaşlıq imkanları və ikili diplom proqramları təqdim olunub.

Tədbir çərçivəsində keçirilən görüş və sessiyalarda süni intellekt texnologiyalarının təhsildə inklüzivliyə, əlçatanlığa və davamlı inkişaf məqsədlərinə təsiri müzakirə edilib. Eyni zamanda bu sahədə yaranan etik və sosial çağırışlara dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “International Staff Week” beynəlxalq həftə tədbirində iştirak Azərbaycan Universitetinin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi və qlobal akademik əməkdaşlıq şəbəkəsində mövqeyinin gücləndirilməsi istiqamətində atılmış ardıcıl və strateji addımlardan biridir. Bu il 7-cisi keçirilən tədbir Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən universitetlərin akademik və inzibati heyət üzvlərini bir araya gətirib. Ənənəvi tədbirin məqsədi ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, idarəetmə və kommunikasiya sahələrində qabaqcıl təcrübələrin paylaşılması, beynəlxalq şəbəkələşmənin, müəllim və tələbə mübadiləsinin genişləndirilməsi, eləcə də yeni birgə layihələrin həyata keçirilməsi təşəbbüslərinin  dəstəklənməsidir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR