XƏBƏRLƏR

Azərbaycan Universitetində 20 yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Universitetində 20 yanvar şəhidlərinin xatirəsi anılıb

19 yanvar 2024

Baxış sayı: 566

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş imperiya rəhbərlərinin göstərişi ilə sovet ordusunun xüsusi hərbi birləşmələri və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, o cümlədən Azərbaycanın bir çox rayonuna yeridilmiş, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutulmuşdu. Tarixə “20 Yanvar faciəsi” kimi düşmüş o qanlı gecədən bu gün 34 il ötür. Xalqımız o dəhşətli gecəni unutmur, hər il olduğu kimi faciənin növbəti ildönümündə də 20 yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir.

Azərbaycan Universitetinin kollektivi də Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, şəhid məzarlarının üzərinə qərənfillər qoyublar.

Universitetin tədris binasında keçirilən anım tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə dövrün ictimai-siyasi vəziyyəti, 20 yanvar faciəsinin səbəb və nəticələri, tarixdəki yeri və rolu haqqında məlumat verilib. Qeyd olunub ki, 20 yanvar faciəsi Azərbaycan xalqının müasir tarixinə həm ən kədərli günlərdən biri kimi yazılıb, həm də müstəqillik uğrunda mübarizə əzmini daha da gücləndirib. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının keçmiş ittifaq rəhbərliyi tərəfindən dəstəklənməsinə və Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış dinc əhaliyə qarşı törədilən terror aktı tarixin yaddaşında əbədiləşib. Azərbaycanın 1991-ci ildə müstəqilliyini, 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə bütün ərazilərində suverenliyini tam bərpa etməsi ilə şəhidlərimizin uğrunda mübarizə apardığı bütün amallar bu gün həqiqətə çevrilib. Xalqımız indi tarixinin ən şərəfli dövrünü, ən sevincli günlərini yaşayır və şəhidlərini hər zaman böyük minnətdarlıqla yad edir.

Diqqətə çatdırılıb ki, 20 yanvar faciəsinə ilk siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. O, faciədən sonrakı gün özünün və ailəsinin həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gedib. Günahsız insanların qətlinə etirazını bildirən, Azərbaycanda həyata keçirilən qanlı aksiyanı qətiyyətlə pisləyən Heydər Əliyev beynəlxalq mətbuat nümayəndələri qarşısında təşkilatçıların cəzalandırılması tələb edib.

Anım tədbirində faciənin milli yaddaşımızda əbədiləşdirilməsi üçün atılan addımlar haqqında da məlumat verilib. Xatırladılıb ki, hər il 20 Yanvar – Ümumxalq Hüzn Günü kimi qeyd edilir və xalqımız igid övladlarının fədakarlığını ehtiramla yad edir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR