XƏBƏRLƏR
Azərbaycan Universitetində 27 Sentyabr - Anım Günü qeyd olunub
Azərbaycan Universitetində Vətən müharibəsinin başlanmasının 4-cü ildönümünə və 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski, kafedranın müəllimi, Diplomatiya Araşdırmaları və Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Samir Hümbətov çıxış edərək Vətən müharibəsinin səbəb və nəticələri, Azərbaycanın daxili və xarici siyasətində yeri, müharibə dövründə Azərbaycanın üzləşdiyi maneə və çətinliklər, Anım Gününün təsis olunmasının əhəmiyyəti barədə məlumat veriblər. Çıxışlarda qeyd olunub ki, atəşkəs dövründə münaqişənin həlli prosesinin uzanmasına səbəb olan dövlətlər Azərbaycana qarşı ikili stanadartlar sərgiləməyə bu gün də davam edirlər. Bu da Azərbaycan elmi və təhsili qarşısında yeni vəzifələr müəyyənləşdirir.
Tədbirin qonağı, hərbi ekspert, polkovnik-leytenant Elxan Şıxəliyev çıxışında Azərbaycanın Vətən müharibəsində dünya hərb elmi üçün yenilik sayılan strategiya və taktiki üsullardan istifadə etdiyini diqqətə çatdırıb. Hərbi ekspert qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qurduğu ordu və müasir texnologiyaya əsaslanan müharibə modeli ilə cəmi 44 günə Ermənistanı təslim olmağa məcbur edib. Dünya hərbi elmi araşdırma mərkəzləri indi Azərbaycanın Vətən Müharibəsindəki döyüş taktikasını təhlil edir və öyrənir. 27 sentyabr 2020-ci il tarixi təkcə Azərbaycanın ərazi bötövlüyünün bərpasının başlanğıcı deyil, milli qürur və ləyaqətin bərpasının da başlanğıcıdır.
Vətən müharibəsi iştirakçıları adından isə Kompüter mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Elvin Mədinov çıxış edib. Elvin Mədinov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi