XƏBƏRLƏR

Azərbaycan Universitetində Dünya Sosial iş Günü qeyd olunub

Azərbaycan Universitetində Dünya Sosial iş Günü qeyd olunub

16 mart 2022

Baxış sayı: 4731

Azərbaycan Universitetində Dünya Sosial iş Günü münasibətilə ənənəvi peşə həmrəylik tədbiri keçirilib. Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya” klubu tərəfindən təşkil olunan “Yeni eko - sosial dünyanı birlikdə quraq: heç kəs kənarda qalmasın” adlı tədbirin moderatorluğunu klubun sədri və Sosial iş ixtisası üzrə III kurs tələbəsi Məhəmməd Ələkbərov edib.

Məhəmməd Ələkbərov Dünya Sosial iş Gününün hər il bir mövzuya həsr olunduğunu, 2022-ci ildə isə pandemiya dövrünün problemlərinə, son dönəmlərdə daha da kəskinləşən qlobal iqlim məsələlərinə diqqət çəkərək, sosial iş icmalarını ümumi fəaliyyətə təşviq etdiyini qeyd edib.

Tədbirdə universitetin Sosial iş ixtisası üzrə III kurs tələbəsi Nərminə Bağırzadə “Sosial işin yaranma tarixi”, Emin Məmmədov “Sosial iş və sosial işçi vəzifələri”, Mədinə Rəhimova “21 Mart – Beynəlxalq Daun Sindromu günü” mövzusunda təqdimatla çıxış ediblər.

Sonra xüsusi dəvət olunmuş qonaq - əlilliyi olan gənc Elnurə Quliyeva öz təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb, atası Elnur Quliyev isə cəmiyyətdə əlliliyi olan şəxsin  və ailə üzvlərinin, valideynlərinin qarşılaşdığı problemlərdən danışıb.

Sosial işin təşkili  kafedrasının müdiri p.ü.f.d. Tünzalə Verdiyeva “Dünya Sosial iş Günü”nün mahiyyəti və ənənəvi olaraq hər il Azərbaycan Universitetində keçirilməsi barədə məlumat verib və bu gün münasibətilə Sosial iş tələbələrinin və məzunlarının peşə bayramlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir sual-cavab bölməsi ilə yekunlaşıb.

Qeyd edək ki, Dünya Sosial iş Günü sosial işin nailiyyətlərini vurğulamaq, cəmiyyətlərin gələcəyi üçün sosial xidmətlərin görünürlüğünü artırmaq, sosial ədalət və insan hüquqlarını müdafiə etmək məqsədi daşıyan bir bayramdır. Hər il Ümumdünya Sosial İş Günü mart ayının üçüncü çərşənbə axşamı qeyd olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.03.2022


DİGƏR XƏBƏRLƏR