XƏBƏRLƏR
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
Azərbaycan Universitetinin İqtisadiyyat və idarəetmə kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Orucov ABŞ-nin Indiana Wesleyan Universitetinin dəvəti ilə ABŞ-də akademik səfərdə olub. Səfər Azərbaycan iqtisadiyyatı haqqında akademik və praktiki məlumatların beynəlxalq auditoriya ilə paylaşılması və Azərbaycan - ABŞ akademik əlaqələrinin inkişaf etdirilməsi baxımından əhəmiyyət kəsb edib.
Elşən Orucov səfər çərçivəsində universitetin Biznesin təşkili və idarə edilməsi ixtisasının tələbələrinə Qlobal biznes perspektivləri fənnindən “Qlobal biznes perspektivi: Azərbaycan” mövzusunda mühazirə təqdim edib. Biznes və Liderlik üzrə Maxwell Mərkəzində təşkil olunan mühazirədə Azərbaycanın mövcud iqtisadi vəziyyəti, biznes mühitinin PESTEL analizi, xarici investorlar üçün mövcud imkanlar və ölkənin qlobal iqtisadi sistemdə mövqeyi barədə məlumat verilib.
Elşən Orucov tələbələrə Azərbaycanın investisiya mühiti, iqtisadiyyatın şaxələndirilməsi, enerji və qeyri-neft sektoru, regional və beynəlxalq iqtisadi əlaqələrindən də bəhs edib. Dərsdə həmçinin tələbələrin Azərbaycan və ölkənin biznes mühiti ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan Universitetinin dosenti Elşən Orucov tərəfindən İndiana Wesleyan Universitetinin 10-cu prezidenti Dr. Con S. Kulagaya hədiyyə təqdim edilib və xatirə şəkli çəkdirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
