XƏBƏRLƏR

Azərbaycan Universitetinin iki elmi nəticəsi AMEA-nın illik hesabatına daxil edilib

Azərbaycan Universitetinin iki elmi nəticəsi AMEA-nın illik hesabatına daxil edilib

05 aprel 2023

Baxış sayı: 990

Azərbaycan Universitetinin bir qrup professor-müəllim heyətinin əldə etdiyi iki elmi nəticə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə qurumun Fizika-Riyaziyyat və Texnika Elmləri ilə İctimai elmlər bölmələrinin 2022-ci ildə aparılan tədqiqatların mühüm nəticələrinə dair hesabat məruzəsinə daxil edilib. 

Universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru Yusif Qasımov, riyaziyyat üzrə elmlər doktoru Aqil Xanməmmədov, Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyevanın birgə aldıqları elmi nəticə təbiət elmləri üzrə, tarix elmləri doktoru, professor Qabil Əliyev, İctimai elmlər kafedrasının müəllimi Aliyə Hacıyevanın aldıqları nəticə isə ictimai elmlər üzrə ən mühüm nəticələr sırasına daxil edilib. Aparılmış elmi tədqiqat işlərinin nəticəsi ilə bağlı yüksək impakt faktorlu jurnallarda 8 məqalə çap olunub.

Əldə edilmiş bu uğur universitetin elmi nüfuzunun artırılması istiqamətində aparılan məqsədyönlü və ardıcıl işlərin məntiqi nəticəsi, həmçinin müasir çağırışlara cavab verən mühüm addımdır. Bu uğur Azərbaycan Universitetinin qeyd olunan hesabata ikinci dəfə daxil edilməsi və eyni zamanda Azərbaycan Universitetinin məruzədə yer alan yeganə özəl universitet olması baxımından da əhəmiyyətlidir. 

Alınmış elmi nəticələr haqqında qısa məlumat

Birinci elmi tədqiqat işində (Müxtəlif fiziki prosesləri təsvir edən riyazi modellərin qurulması, onların adekvatlılığının yoxlanması, ədədi və analitik həll üsullarının işlənməsi) xüsusi tip potensiala malik birölçülü Şredinger tənliyi üçün spektral analizin düz və tərs məsələləri araşdırılmışdır. Bu cür tənliklər üçün Yost tipli həllərin göstərilişləri alınmış, spektral analizin müxtəlif qoyuluşlarda düz və tərs məsələləri həll edilmişdir. Tərs məsələlərin həlli üçün alqoritmlər verilir. Əlavə periodik potensiala malik Şerdinger tənliyinin səpilmə nəzəriyyəsinə dair indiyə qədər açıq qalan problem həll edilmişdir. Çoxölçülü məhdud oblastda  helmholst  tənliyinin matris faktorizasiyası üçün korrekt olmayan Koşi məsələsinin həllinin davamı məsələsinə baxılmış, həllin davamı üçün aşkar düstur alınmışdır. Koşi məsələsinin klassik mənada həlli üçün dayanıqlığı qiymətləndirilmişdir. Ümumiləşdirilmiş (3+1) ölçülü qeyri-xətti potensial Yu-Toda-Sasa-Fukuyama tənliyinin həlli üçün Li cəbri ilə variasiyalı və qeyri-variasiyalı yanaşmalar tətbiq edilmiş və məsələnin uyğun həlləri tapılmışdır.

İkinci elmi tədqiqat işində isə (Azərbaycan və Qafqazın iqtisadi və mədəni  inkişafı) tədqiqatın birinci istiqaməti kimi Qafqaz regionunda iqtisadiyyat  və maarif sahəsində uğurlar araşdırılmışdır. Tədqiqatda XIX əsrin son – XX əsrin ilk onilliklərində Qarabağda dəmiryolu inşası layihəsinin, İrəvan Müəllimlər Seminariyasının məzunlarının Azərbaycanda və bütün Qafqazda ictimai, sosial və mədəni həyata önəmli təsir göstərmələri konkret faktlarla sübut edilmişdir. Elmi tədqiqatda digər istiqamət Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı olmuşdur. Tədqiqat nəticəsində IX-XIII əsrin əvvəllərində Azərbaycana müsəlman intibahının təsiri, qonşu ölkələrlə humanitar sahədə əlaqələr üzrə uğurlar elmi ictimaiyyətə çatdırılmışdır.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR