XƏBƏRLƏR
Azərbaycan Universitetinin nümayəndə heyəti Litvada işgüzar səfərdədir
Azərbaycan Universitetinin nümayəndə heyəti – rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Keyfiyyət təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova Litvaya işgüzar səfərə gedib. Səfər Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində təşkil olunub. Layihə konsorsiumunun üzvü olan ali təhsil müəssisələrinin nümayəndələri üçün növbəti təlimlər Litvanın Mikolo Romerio Universitetində təşkil olunub.
Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən beynəlxalq layihənin koordinatoru Bakı Biznes Universitetidir. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir.
İctimaiyyətlə əlaqələr şöbəsi