XƏBƏRLƏR

Azərbaycan Universitetinin tərəfdaşlığı ilə Karyera Forumu keçirilib

Azərbaycan Universitetinin tərəfdaşlığı ilə Karyera Forumu keçirilib

02 noyabr 2026

Baxış sayı: 16

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Universitetinin tərəfdaşlığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının (AUTGT) təşkilatçılığı ilə Karyera Forumu keçirilib. 

Forumun  açılış mərasimində Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilənova və ATGTİ-nin baş katibi Fidan Mirələmli çıxış ediblər. Çıxışlarda tələbələrin şəxsi və peşəkar inkişafının təşviqi, müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması, eləcə də tələbələrin karyera imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. 

Açılış mərasiminin ardından forum “Gənclər və iş dünyası: bacarıqlar, gözləntilər və fürsətlər” panel sessiyası və “Gələcəyin karyerası: AI, şəxsi brend və uğurlu işə qəbul” praktiki təlimi ilə davam edib. Panel sessiyada tələbələrin əmək bazarına inteqrasiyası, işəgötürənlərin gözləntiləri, müasir əmək bazarının tələbləri, peşəkar inkişaf imkanları və karyera quruculuğu prosesində qarşılaşılan əsas çağırışlar ətrafında müzakirələr aparılıb. 

Sessiyada təhsil, biznes, bank və dövlət sektorunu təmsil edən mütəxəssislər çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) nəzdində İnnovasiyalar Mərkəzinin direktor müavini və layihə rəhbəri Zinəddin Babayev, “EDU Company” Təhsil Şirkətinin təsisçisi və baş direktoru Samir Əzizov, “Yelo Bank”ın İnsan Kapitalının İdarə Edilməsi Departamentinin İşə qəbul və kadr planlaması şöbəsinin meneceri Aygün Məhərrəmova Kazımova, Azərbaycan Universitetinin Sosial – Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı əmək bazarındakı aktual tendensiyalar, gənclərdən gözlənilən bilik və bacarıqlar, eləcə də karyera imkanları ilə bağlı fikirlərini bölüşüblər. Sessiya iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

“Gələcəyin karyerası: AI, şəxsi nrend və uğurlu işə qəbul” praktiki təlimində  isə iştirakçılara CV hazırlanması, süni intellekt alətlərindən karyera planlamasında istifadə, şəxsi brendin formalaşdırılması, özünü effektiv təqdimetmə və müsahibə bacarıqları barədə ətraflı məlumat verilib. Təlimi Azərbaycan Maarifçilər Assosiasiyasının sədri, şəxsi inkişaf üzrə təlimçi və ekspert Tofiq Sadıxov aparıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR