XƏBƏRLƏR

Beynəlxalq elmi konfransın hazırlıqları davam edir

Beynəlxalq elmi konfransın hazırlıqları davam edir

03 may 2018

Baxış sayı: 4076

Azərbaycan Universiteti tərəfindən 14-15 may tarixlərində təşkil olunacaq “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri - 2018” mövzusunda beynəlxalq elmi konfransın hazırlıqları davam edir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfransın tərəfdaşları Cambridge International Academics (İngiltərə), Liepaja Universiteti (Latviya) və “Synergy Group”dur.

Konfransın beynəlxalq elmi komitəsində 10 ölkədən alim təmsil olunur.  Konfransa Türkiyə, Rusiya, Braziliya, Qazaxıstan, Qırğızıstan, Polşa, Şimali Kipr Türk Respublikası, Ukrayna və s. kimi 15-ə yaxın ölkə alimlərinin 232 məqaləsi daxil olub. 10-a yaxın ölkədən alim və tədqiqatçıların isə faktiki iştirakı gözlənilir.

Beynəlxalq tədbirin işi filologiya, tarix, iqtisadiyyat, hüquq, kulturologiya, sosiologiya, İKT və tədris olmaqla 8 elmi istiqamətdə müəyyənləşdirilib. Konfransın plenar iclasında Türkiyə və Rusiyanın tanınmış alimləri – Bülent Açma, Yuri Qoryaçev və Olqa Astafyeva məruzə ilə çıxış edəcəklər.

Qeyd edək ki, kifayət qədər elmi bazaya malik olan humanitar fənlərdən fərqli olaraq leksikonumuza son bir neçə ildə daxil olan davamlı inkişaf anlayışı müxtəlif elm sahələrinin qovşağında ən intensiv öyrənilən mövzulardan birinə çevrilib. Lakin hələ də tam olaraq öyrənilməmiş bu sahənin ciddi elmi əsaslarının yaradılmasına, fundamental baxışlarının formalaşdırılmasına ciddi ehtiyac vardır. “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” beynəlxalq elmi konfransının keçirilməsinin əsas məqsədi bu sahədə çalışan alimlərin yeni ideya və elmi nəticələrinin paylaşılması və müzakirə edilməsi üçün uyğun platforma təqdim etməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.05.2018

DİGƏR XƏBƏRLƏR