XƏBƏRLƏR
Azərbaycan Universitetində “CareerLAB” şəbəkəsi çərçivəsində panel müzakirə təşkil olunub
Azərbaycan Universitetində “CareerLAB” şəbəkəsi çərçivəsində tələbələr üçün sosial iş istiqamətində panel müzakirə təşkil olunub. Tədbirin açılışında Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin aparıcı mütəxəssisi Nihad Həzizadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) proqram meneceri Bəxtiyar Quluzadə çıxış edərək layihə haqqında məlumat verib, sosial iş sahəsinin aktuallığını vurğulayıblar. Çıxışlarda karyera savadlılığı istiqamətində tövsiyələr səsləndirilib.
Ardınca “Sosial iş sahəsində karyera planlaması” mövzusunda panel müzakirəyə start verilib. Panelin spikerləri - Azərbaycan Universitetinin Sosial-Psioxoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı “Sosial iş sahəsinə hazırlıq: tələbəlik illərinin dəyərləndirilməsi”, “Sosial Məsələlərin Həllinə Dəstək” İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli “Gənc sosial mütəxəssislər: karyera və imkanlar”, “Be Brave” qeyri-formal təhsil platformasının təsisçisi Cəsur Mədətzadə “Sosial işdə layihələr və gənclərin şəxsi inkişafı” mövzusunda çıxış edərək, tələbələrə sosial iş sahəsində mövcud karyera imkanları və tələb olunan bacarıqlar haqqında məlumat veriblər. Spikerlər iştirakçılarla öz təcrübələrini bölüşüb, həmçinin sualları cavablandırıblar.
Qeyd edək ki, layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin karyera planlaması və iş mühitinə adaptasiyasına dəstək olmaq, eyni zamanda bu istiqamətlər üzrə mütəxəssislər ilə görüşlər təşkil etməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi









