XƏBƏRLƏR
İKT fakültəsinin dekanı ICPC Fondunun yüksək mükafatına layiq görülüb
Azərbaycan Universitetinin İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev ICPC Fondu tərəfindən “ICPC Qlobal İcması ilə Nümunəvi Əlaqə” mükafatına layiq görülüb.
Mükafat Asif Paşayevə 31 avqust - 4 sentyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçiriən “ICPC 2025 - Tələbələr arasında Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin (International Collegiate Programming Contest) Dünya Finalının Təşkilat Komitəsinin qərarına əsasən, Azərbaycan Universitetinin ICPC komandalarına 10 ildən artıq müddətdə rəhbərlik etdiyi üçün verilib.
Onun Azərbaycanın ICPC icmasının inkişafında və ölkə üzrə gənc istedadların təhsilində mühüm rol oynadığı, yüksək peşəkarlıq və yorulmaz fəaliyyət nümayiş etdirdiyi qeyd olunaraq elm və təhsil ictimaiyyətinə verdiyi dəyərli töhfələrə görə səmimi minnətdarlıq ifadə olunub.
Qeyd edək ki, “ICPC Qlobal İcması ilə Nümunəvi Əlaqə” mükafatı müsabiqənin təbliği və geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan fərdlərə və ya qruplara təqdim edilir. Tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönələn ICPC ötən əsrin 70-ci illərində ABŞ-də başlayıb, 1977-ci ildən beynəlxalq miqyasda keçirilir. Hər il 110 ölkənin 3 mindən çox universitetindən 50 mindən çox tələbə bu müsabiqədə iştirak edir. Universitetlər ilə sənaye arasında qlobal körpü rolunu oynayan müsabiqənin finalı 2025-ci ilin yayında ilk dəfə Bakıda keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi