XƏBƏRLƏR

Dərin hüznlə anırıq!

Dərin hüznlə anırıq!

14 dekabr 2022

Baxış sayı: 9748

Fazil Əsəd oğlu Məmmədov
28 mart 1964 – 4 noyabr 2022
Azərbaycan Respublikasının Vergilər Naziri (2000–2017)
1-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Fazil Әsәd oğlu Mәmmәdov 28 mart 1964-cü ildә Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu C. Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1985-ci ildә D.Bünyadzadә adına Azәrbaycan Xalq Tәsәrrüfatı İnstitutundan “Maliyyә və kredit” ixtisası üzrə məzun olmuşdur.  

1985-1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə “Hərbi xidmətdə fərqlənməyə görə” döş nişanı ilə təltif olunmuşdur. 

Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən  “Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist” ordeni ilə təltif olunmuşdur.

1987-1989-cu illәrdә Gәncәdә Sәnaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri vә Bakı Sәnaye - Tikinti Bankının Әmәliyyat İdarәsindә iqtisadçı vәzifәlәrindә çalışmışdır. 1989-cu ildәn 1993-cü ilә qәdәr Maliyyә-Kredit texnikumunda müәllim, kafedra müdiri işlәmişdir. 1993-cü ildә “Ünsal” Kommersiya Bankı İdarә Heyәtinin sәdri seçilmişdir. 1994-cü ildә Aqrar Sәnaye Bankının Şәmkir şöbәsinin müdiri  vəzifəsində çalışmışdır. 1995-1999-cu illәrdә Dövlәt Gömrük Komitәsinin Maliyyә - Tarif vә Valyuta Nәzarәti Baş İdarәsi rәisinin müavini vә rәisi, hәmin sahә üzrә Gömrük Komitәsi sәdrinin müavini vәzifәsindә çalışmışdır. 

1999-cu il iyun ayının 20-dә Azәrbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fәrmanı ilә Baş Dövlәt Vergi Müfәttişliyinin rәisi tәyin edilmişdir. 2000-ci il fevral ayının 11-dә Azәrbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fәrmanı ilә Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi yaradılmış və Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının ilk Vergilər Naziri tәyin edilmişdir. 5 dekabr 2017-ci il tarixinə qədər bu vəzifəni icra etmişdir. 

2015-ci il fevral ayının 9-da Azәrbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilmişdir. 

2015-ci il iyun ayının 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən I Avropa Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə “Şöhrət ordeni” ilə təltif olunmuşdur.

2016-cı il yanvar ayının 15-də polkovnik hərbi rütbəsi almışdır. 

2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olmuşdur.  

2011-2021-ci illərdə Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti olmuşdur.

2001-2015-ci illərdə Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti olmuşdur.  

Ailəlidir, 3 övladı var. 

2022-ci il noyabr ayının 4-də Türkiyə Respublikasında müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir.

Azərbaycan dövlətinin etibar etdiyi bütün vəzifələrdə yüksək peşəkarlıq və şərəflə xidmət etmiş, Şəmkir rayon sakinləri arasında el ağsaqqalı və xeyriyyəçi kimi böyük nüfuz qazanmışdır. 

Təltifləri

  • 2005-ci il noyabr ayının 18-də AHİK İcraiyyə Komitəsi tərəfindən Həmkarlar İttifaqı hərəkatında xidmətinə görə “Yubiley medalı” ilə təltif olunmuşdur.
  • 2006-cı il yanvar ayının 30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif olunmuşdur. 
  • 2008-ci il iyun ayının 30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Azərbaycan Polisinin 90 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.
  • 2008-ci il sentyabr ayının 26-da Azərbaycan Respublikası Prokurorluğu tərəfindən “Azərbaycan Respublikası Prokurorluğunun 90 illiyi” yubiley xatirə medalı ilə təltif olunmuşdur.
  • 2008-ci il noyabr ayının 20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Azərbaycan Ədliyyəsinin 90 İlliyi Xatirə Medalı” ilə təltif olunmuşdur. 
  • 2009-cu il mart ayının 26-da Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı ilə təltif olunmuşdur. 
  • 2009-cu il avqust ayının 17-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medalı ilə təltif olunmuşdur. 
  • 2009-cu il sentyabr ayının 20-də SOCAR tərəfindən Azərbaycan Respublikasında neft-qaz sənayesinin inkişafında xidmətlərinə görə “Əsrin Kontraktı – 15 il” xatirə medalı ilə təltif olunmuşdur. 
  • 2010-cu il fevral ayının 11-də  Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif olunmuşdur.
  • 2012-ci il yanvar ayının 26-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” yubiley medalı ilə təltif olunmuşdur.
  • 2013-cü il fevral ayının 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “AHİK-20 il” yubiley döş nişanı ilə təltif olunmuşdur. 
  • 2013-cü il iyun ayının 25-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif olunmuşdur.
  • 2014-cü il mart ayının 14-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalı ilə təltif olunmuşdur.
  • 2017-ci il yanvar ayının 12-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalı ilə təltif olunmuşdur. 
  • 2017-ci il mart ayının 17-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı ilə təltif olunmuşdur.
  • 2002-ci il sentyabr ayının 6-da Ukrayna Dövlət Vergi Administrasiyası tərəfindən 4-cü dərəcəli “Qızıl Qılınclı Müqəddəs Qalib Qeorqiy” ordeni ilə təltif olunmuşdur. 
  • 2003-cü il noyabr ayının 1-də Ukrayna Dövlət Vergi Administrasiyası tərəfindən “Ukrayna DPA-nın Fəxri Adı” döş nişanı ilə təltif olunmuşdur. 
  • 2005-ci il yanvar ayının 26-da Ukrayna Çernobıl Birliyi tərəfindən VQO seriyalı “Çernobıl Xaçı: “Cəsarətli, Şərəfli, Humanist” ordeni ilə təltif olunmuşdur.
  • 2008-ci il noyabr ayının 13-də Ukrayna Dövlət Vergi Administrasiyası tərəfindən  “Vergi orqanlarına köməyinə görə” döş nişanı ilə təltif olunmuşdur. 
  • 2008-ci ildə Beynəlxalq Güləş Federasiyası tərəfindən dünya güləş növlərinin inkişafı istiqamətində göstərdiyi xidmətlərinə görə təşəkkürnamə ilə təltif olunmuşdur. 
  • 2010-cu il aprel ayının 12-də Rusiya Federasiyasının İctimai Mükafatlar Komitəsi tərəfindən “65 illik Zəfər Ordeni” ilə təltif olunmuşdur. 
  • 2016-cı il sentyabr ayının 20-də MDB ölkələrində vergi xidmətlərinin möhkəmlənməsi və inkişafı istiqamətlərində göstərdiyi xidmətlərə görə MDB ölkələrinin İcraçı Komitəsi tərəfindən “Fəxri Fərman” ilə təltif olunmuşdur. 
  • 2016-cı il oktyabr ayının 7-də Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsi tərəfindən “Gəlirlər Komitəsinin yubiley medalı” ilə təltif olunmuşdur. 
  • Bakı Nobel İrsi Fondu tərəfindən medalla təltif olunmuşdur. 


DİGƏR XƏBƏRLƏR