XƏBƏRLƏR

“Diplomatik masa” simulyasiya layihəsi bu ildən çempionat formatında keçirilir

“Diplomatik masa” simulyasiya layihəsi bu ildən çempionat formatında keçirilir

14 aprel 2025

Baxış sayı: 139

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc Diplomatlar” klubunun “Diplomatik Masa” simulyasiya layihəsi ilk dəfədir ki, çempionat formatında keçirilir. 2024/2025-ci tədris ilinin ilk “Diplomatik Masa”sı amerikalı diplomat Benjamin Franklinin söylədiyi “Heç vaxt yaxşı müharibə və pis sülh olmayıb” ifadəsinin məhz bu müharibə üçün keçərli olduğu Ukrayna-Rusiya münaqişəsinə həsr olunub.  

Masada “Rusiyanın Ukraynanın suverenliyini və müstəqil dövlət kimi mövcudluğunu qəbul etməsi”, “Uzunmüddətli sülhün qarantı üçün Ukraynanın NATO üzvlüyündən birdəfəlik imtina etməsi” və “Qısa müddətdə mövcud status-kvonu saxlamaqla Atəşkəs Razılaşmasının imzalanması” mövzuları müzakirə olunub. 

Qeyd edək ki, layihə çərçivəsində universitetin tələbələri  müxtəlif mövzularla bağlı dünya dövlətlərinin mövqelərini müdafiə etməyə çalışaraq, debat və diskussiyalara cəlb olunur, siyasi və diplomatik arqumentlər gətirərək masada qarşı tərəfi üstələməyə çalışırlar. Layihənin keçirilməsində əsas məqsəd tələbələrdə natiqlik, müstəqil araşdırma və debat kimi bacarıqların inkişaf etdirilməsinə nail olmaqdır. Layihənin iştirakçılarına hər biri Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən, Siyasi və ictimai elmlər kafedrasının müəllimləri mentorluq edir. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR