XƏBƏRLƏR

ECAR layihəsi çərçivəsində rektorların görüşü keçirilib

ECAR layihəsi çərçivəsində rektorların görüşü keçirilib

13 noyabr 2021

Baxış sayı: 1479

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin növbəti görüşündə iştirak edib. Görüşün məqsədi layihə çərçivəsində aparılan tədqiqat işlərinin nəticələrinin ali təhsilin maraqlı tərəfləri ilə paylaşılması və bu nəticələr barəsində müvafiq müzakirələrin aparılması olub.

Tədbirə Azərbaycanın 19 universitetinin rektor və prorektorları, həmçinin layihənin xarici tərəfdaşları qismində Polşa Rektorlar Konfransının,  Litvanın Mykolas Romeris Universitetinin, İsveçin Kral Texnologiya Universitetinin, Belçikanın EFMD Beynəlxalq Biznes Universitetler Birliyinin məsul nümayəndələri qatılıb.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli tədbirdə çıxış edərək bildirib ki, sözügedən layihə universitetlər arasında əməkdaşlığın gücləndirilməsinə, tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunmasına, yaradılacaq komitələr vasitəsilə qərarvermə proseslərinin optimallaşmasına, habelə qarşılıqlı əlaqələrin dinamik şəkildə qurulmasına və Azərbaycan ali təhsil məkanının inkişafına töhfələr verəcək.

Milli Erasmus Ofisinin rəhbəri Pərviz Bağırov Rektorlar Konfransı barədə beynəlxalq təcrübəni bölüşərək layihənin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. O, həmçinin Erasmus proqramının  növbəti 7 illik mərhələsinin məqsədi, büdcəsi və prioritetləri haqqında zəruri məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bakı Biznes Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Eşqin Bayramov layihənin ümumi məqsədi, hədəfləri, iş planları, eləcə də yerli və xarici tərəfdaşları barəsində məlumat verib. Bununla yanaşı, layihə çərçivəsində aparılan tədqiqatların məqsədi, mərhələləri və istifadə edilən metodologiya haqqında təqdimatla çıxış edib.

Mykolas Romeris Universitetinin nümayəndəsi Inga Juknytė-Petreikienė Azərbaycan ali təhsil məkanında maraqlı tərəflər arasında şəbəkələşmə, əməkdaşlıq və kommunikasiya məsələlərinə həsr edilmiş sorğuların statistik nəticələrini nəzərə çatdırıb. O, Azərbaycan universitetlərində mövcud vəziyyətdən də söz açıb.

Mykolas Romeris Universitetinin prorektoru, professor Regina Valutyte və layihənin koordinatoru Gülşən Bayramova Azərbaycanda Rektorlar Konfransının yaradılmasının qanunvericilik bazası  haqqında çıxış edərək yerli və beynəlxalq səviyyədə aparılmış təhlillərin nəticələri, konfransın səmərəli fəaliyyəti üçün müvafiq hüquqi tənzimləmənin və ən uyğun idarəetmə modellərinin müəyyən edilməsi haqqında danışıblar.

Qeyd edək ki, Bakı Biznes Universitetinin koordinatorluğunda həyata keçirilən, Avropa Birliyinin maliyyələşdirdiyi “Azərbaycanda Rektorlar konfransının yaradılması” ECAR Erasmus+KA2 layihəsi 3 il müddətində icra olunacaq. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq, rektorlar konfransı yaratmaqla universitetlər və digər tərəfdaş qurumlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.11.2021

DİGƏR XƏBƏRLƏR