XƏBƏRLƏR

ECAR layihəsinin Fransada növbəti təlim proqramı öz işinə başlayıb

ECAR layihəsinin Fransada növbəti təlim proqramı öz işinə başlayıb

04 oktyabr 2022

Baxış sayı: 8440

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin Fransada  növbəti təlim proqramı öz işinə başlayıb. Oktyabrın 3-də başlayan təlimlər oktyabrın 7-də yekunlaşacaq. Azərbaycan Universitetini təlimlərdə rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edir. 

Fransa Beynəlxalq Təhsil təşkilatında keçirilən ilk görüşdə layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin rektorları, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri,  prorektorlar, o cümlədən digər səlahiyyətli universitet nümayəndələri iştirak ediblər. Təşkilatın  beynəlxalq əlaqələr üzrə koordinatoru və Rouen Universitetinin keçmiş prezidenti Jean-Luc Nahel tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və onları Fransada görməkdən məmnunluğunu ifadə edib. Təşkilatın təhsil əməkdaşlığı departamentinin direktor müavini Bruno Kurval isə layihə çərçivəsindəki sıx əməkdaşlığın uğurla davam etdiyini və təlim proqramının faydalı olacağını vurğlayıb. 

Daha sonra Rennes Universitetinin prezidenti David Alis tədbirdə onlayn formatda iştirak edərək “Rektor konfranslarında komitələrin rolu və fəaliyyəti” mövzusunda geniş təqdimatla çıxış edib. O, konfransın tərkibində fəaliyyət göstərən müvafiq komitələrin vacibliyinə toxunaraq onların fəaliyyət istiqamətləri, təşkilati strukturu, funksiyaları barəsində təcrübələrini bölüşüb. Çıxışlardan sonra iştirakçılar arasında faydalı müzakirə və fikir mübadilələri aparılıb.

Qeyd edək ki, Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsinin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR