XƏBƏRLƏR

ECAR layihəsinin növbəti təliminə Azərbaycan Universiteti ev sahibliyi edib

ECAR layihəsinin növbəti təliminə Azərbaycan Universiteti ev sahibliyi edib

08 aprel 2022

Baxış sayı: 1583

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin “Liderliyin əsasları” mövzusuna həsr olunmuş bir günlük təliminə Azərbaycan Universiteti ev sahibliyi edib. Azərbaycan HR İnstitutunun dəstəyi ilə təşkil olunan təlimdə layihənin yerli tərəfdaşı olan 16 ali təhsil müəssisəsinin  prorektor və digər rəhbər şəxsləri iştirak edib. 

Tədbiri Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq layihə çərçivəsində indiyə qədər görülən işlərə qısa nəzər salıb və iştirakçıları tədbirin gündəliyi ilə tanış edib.  

Universitetin rektoru Səadət Əliyeva qonaqları salamlayıb və təlimin işinə uğurlar arzulayıb. Rektor bildirib ki, ECAR layihəsi çərçivəsində təşkil olunan görüş və təlimlər zamanı aparılan müzakirələr Azərbaycan elminin və təhsilinin inkişafına, ECAR layihəsinin uğurlu icrasına, layihə üzrə müəyyənləşdirilən məqsədlərə nail olunmasına öz töhfəsini verəcək. Səadət Əliyeva çıxışında ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin koordinasiyalı fəaliyyət və sıx əməkdaşlığının Azərbaycan təhsilinin qarşısında daha geniş üfüqlər açacağını və onu daha yüksək pillələrə daşıyacağını da vurğulayıb.

Azərbaycan HR İnstitutunun təsisçisi Emil Hüseynov rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin ölkəmizdə insan kapitalının inkişafına dəstək vermək olduğunu bildirib və ECAR layihəsi ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edib.

Açılışın ardından “Liderliyin əsasları” təliminə start verilib. Təlim “Fərdi performansın komponentləri”, “Korporativ performansın komponentləri”, “Motivasiya”, “Maslow teoriyası”, “Herzberg teoriyası”, “Situativ liderlik modeli”, “Feedback verilməsi qaydaları”, “DİSC davranış modeli” mövzularını əhatə edib. Təlimi Azərbaycan HR İnstitutunun əməkdaşı Vüqar Cəfərov aparıb.

Günün sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.04.2022

DİGƏR XƏBƏRLƏR