XƏBƏRLƏR
ECAR layihəsi çərçivəsində “Tədqiqat metodları” mövzusunda təlim təşkil olunub
Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” (ECAR) adlı “Erasmus+ layihəsi”çərçivəsində gənc tədqiqatçılar üçün “Tədqiqat metodları” mövzusunda təlim keçirilib. Xəzər Universitetində təşkil olunan ikigünlük təlimdə Azərbaycanın 14 müxtəlif universitetindən 25 nümayəndə iştirak edib.
Tədbirin birinci günündə bu ali məktəbin İnkişaf üzrə direktoru Raziyə İsayeva tədqiqatın dizaynı, ədəbiyyat icmalı və tədqiqatda etik prinsiplər haqqında təqdimatla çıxış edib. İkinci gün isə Həyat elmləri departamentinin dosenti Cavid Ocaqi tədqiqat metodologiyaları, verilənlərin təhlili və hesabatların yazılması haqqında iştirakçılara məlumat verib.
Azərbaycan Universitetinin təlimdə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Xanım Quliyeva, İqtisadiyyat və idarəetmə kafedrasının baş müəllimi Ruhəngiz Əliyeva təmsil edib.
Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihəsinin koordinatoru Bakı Biznes Universitetidir. ECAR layihəsinin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq Azərbaycanda rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.
İctimaiyyətlə əlaqələr şöbəsi