XƏBƏRLƏR

ECAR layihəsinin tərəfdaşları Polşa universitetlərinin strateji inkişaf təcrübəsi ilə tanış olub

ECAR layihəsinin tərəfdaşları Polşa universitetlərinin  strateji inkişaf təcrübəsi ilə tanış olub

08 fevral 2023

Baxış sayı: 8189

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində Azərbaycanın layihə konsorsiumunun üzvü olan 20 ali təhsil müəssisəsinin prorektor və digər səlahiyyətli nümayəndələrinin Polşaya növbəti işgüzar səfəri baş tutub. Polşa universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub. Səfərdə Azərbaycan Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.

Layihə konsorsiumunun üzvləri səfərin ilk iki günündə Kozminski Universitetində olublar. Burada universitetin ümumi inkişaf, dayanıqlı inkişaf, rəqəmsal tranformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilib. 

Səfərin növbəti günlərində Varşava Həyat Elmləri Universitetinin rektoru və Polşa Universitetlərinin Rektorlar Konfransının vitse-prezidenti Michał Zasada tərəfindən strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Ev sahibi universitetin əməkdaşları tərəfindən strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəliliyi, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mühüm mövzularda təlim və seminarlar həyata keçirilib. CRASP-ın baş katibi Agata Kulesza səfər iştirakçıları ilə konfransın milli və beynəlxalq təcrübələri ilə bağlı fikir mübadiləsi aparıb.

Təlim proqramı çərçivəsində nümayəndə heyəti üçün Varşava Həyat Elmləri Universitetinin əməkdaşı Şəhla Kazımova tərəfindən bu ali təhsil müəssisəsində Azərbaycan dilinin tədrisi, Azərbaycan mədəniyyətinin təbliği, elmi konfranslar və digər tədbirlər haqqında təqdimat həyata keçirilib. 

Səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü də baş tutub.  Polşada, xüsusilə ali məktəblərdə həyata keçirilən sosial-mədəni tədbirlər, layihələr haqqında məlumat verən xanım səfir ali məktəbləri Polşanın ali təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini ifadə edib.

Təlim proqramının yekununda layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Strateji inkişaf komitəsinin sədri Araz Aslanlı ilə birlikdə layihə çərçivəsində həyata keçirilən fəaliyyətlərin icası və qarşıda duran mühüm tapşırıqlar, o cümlədən Strateji inkişaf komitəsinin gələcək fəaliyyət planı üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən beynəlxalq layihənin koordinatoru Bakı Biznes Universitetidir. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 20, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR