XƏBƏRLƏR
Elif Gökçearslan beynəlxalq konfransda plenar məruzə ilə çıxış edəcək
Azərbaycan Universiteti, Sosial Tədqiqatlar Mərkəzi, Türkiyənin Fırat Universiteti və Recep Tayyip Erdoğan Universitetinin birgə təşkilatçılığı ilə 23-25 may 2025-ci il tarixlərində 2-ci “Social Work & Social Research” (Sosial iş və sosial tədqiqat) beynəlxalq konfransının hazırlıqları davam edir.
Azərbaycan Universitetinin ev sahibliyində keçiriləcək konfransın məqsədi bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir.
Türkiyənin Ankara Universitetinin professoru Elif Gökçearslan konfransın plenar iclasında məruzə ilə çıxış edəcək. Qonaq professorun məruzəsi “Child protection in the new world system” mövzusunda olacaq.
H-indeksi 17 olan Elif Gökçearslan Əmək və Sosial Təminat Nazirliyinin Təhsil və Araşdırma Mərkəzinin direktorudur. Sosial iş, iş qəzalarından sonra psixo-sosial dəstək, uşaqlarla məhkəmə-tibbi müsahibələr, əlillər üçün icma əsaslı təcrübələr, sosial işçilərin səlahiyyətlərinin artırılması və uşaqların müdafiəsi təcrübələri kimi istiqamətlərdə çox sayda elmi məqalə, nəşr, monoqrafiya və kitabların müəllifidir.
Qeyd edək ki, konfransın birincisi 24-25 noyabr 2023-cü il tarixlərində hibrid formatda keçirilib. Sosial iş ixtisası və sosial iş təcrübəsinin beynəlxalq müstəvidə müzakirə olunduğu konfransa dünyanın 32 ölkəsindən 156 məruzə qəbul edilib. Konfransın bölmə iclaslarına isə 40-a yaxın ölkədən tədqiqatçı və mütəxəssis qoşulub.
Konfransın səhifəsinə keçid:
https://au.edu.az/en/conferences/2nd-international-conference-on-social-work-social-research
İctimaiyyətlə əlaqələr şöbəsi