XƏBƏRLƏR
Azərbaycan Universitetinin əməkdaşı “Təhsil-təlim-məşğulluq-sənaye” görüşündə iştirak edib
Azərbaycan Universitetinin Karyera İnkişafı və Məzunlarla İş Mərkəzinin əməkdaşı Güllü Hacıyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və KVET Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Təhsil-təlim-məşğulluq-sənaye: şəbəkələşmə görüşü”ndə iştirak edib. Tədbirin əsas məqsədi karyera ekosisteminin əsas tərəflərini bir araya gətirərək əmək bazarının çağırışlarına uyğun birgə həllərin formalaşdırılmasına, təhsil-məşğulluq-sənaye əməkdaşlığının gücləndirilməsinə və karyera inkişafı istiqamətində uğurlu təcrübələrin paylaşılmasına töhfə vermək olub.
Görüşdə dövlət və özəl sektorun insan resursları üzrə rəhbər şəxsləri və mütəxəssisləri ilə yanaşı, ali təhsil müəssisələrinin karyera mərkəzlərinin rəhbərləri, karyera planlaması və peşəyönümü sahəsində fəaliyyət göstərən müəllimlər, həmçinin sənaye və istehsalat müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində “Praktik bacarıqların inkişafı: nəzəri təlimdən tətbiqyönümlü hazırlığa keçid” mövzusunda panel müzakirəsi təşkil olunub. Panel müzakirə zamanı məşğulluq, ali təhsil, insan resursları və sənaye sektorlarının nümayəndələri insan kapitalının inkişafında tərəfdaşlığın rolu, əmək bazarının gözləntiləri və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Həmçinin iştirakçıların interaktivliyini təşviq etmək məqsədilə intellektual komanda oyunu, “Karyera həlləri vörkşopu” və təcrübə mübadiləsi sessiyaları da keçirilib. Vörkşop zamanı tələbələrin motivasiyasının artırılması, universitet-şirkət əməkdaşlığı modelləri, işəgötürənlərin universitetlərdən gözləntiləri və süni intellektin karyera xidmətlərinə təsiri kimi mövzular üzrə qrup müzakirələri aparılıb və praktiki həllər hazırlanıb.
Tədbirin yekunu kimi karyera planlaması və peşəyönümü sahəsində uğurlu təcrübələr, iştirakçılar tərəfindən irəli sürülən təkliflər və sağlam tərəfdaşlığa töhfə verən tövsiyələr qruplaşdırılaraq karyera inkişafı ekosisteminin əsas tərəfdaşları arasında paylaşılması nəzərdə tutulur.
İctimaiyyətlə əlaqələr şöbəsi
