XƏBƏRLƏR

Əməkdaşlarımız ECAR layihəsi çərçivəsində İsveçdə səfərdədir

Əməkdaşlarımız ECAR layihəsi çərçivəsində İsveçdə səfərdədir

17 may 2022

Baxış sayı: 1082

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin tərəfdaşları İsveçdə səfərdədir. Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin 16-20 may 2022-ci il tarixlərini əhatə edən “Ali təhsil sisteminin inkişafında rektorlar konfransının rolu” adlı növbəti seminarına İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universiteti ev sahibliyi edir. Seminar Azərbaycanda rektorlar konfransının yaradılması və ali təhsilin inkişaf etdirilməsi üçün Avropa təcrübəsinin öyrənilməsinə həsr edilib. Sözügedən tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, layihənin tərəfdaşı olan 15 Azərbaycan universitetindən 3 rektor, 20 müxtəlif sahələr üzrə prorektor və digər rəhbər şəxslər iştirak edirlər. Azərbaycan Universitetini səfərdə rektorun müşaviri, Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Nüşabə Quliyeva ilə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edir.

Tədbirdə İsveç, Litva, Finlandiya və Polşa Rektorlar Konfransının səlahiyyətli nümayəndələrinin, Kral Texnologiya Universitetinin, Stockholm Universitetinin və Haaga-Helia Tətbiqi Elmlər Universitetinin rektorlarının iştirakı nəzərdə tutulub. Həmçinin seminarın növbəti günlərində Avropa Universitetlər Birliyinin Baş katibinin müavini Monika Steinelin “Sərhədsiz universitetlər - 2030 gələcəyə baxış” mövzusunda təqdimatı planlaşdırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.05.2021

DİGƏR XƏBƏRLƏR