XƏBƏRLƏR

“Erasmus” tələbəmiz: Xaricdə təhsil mədəni mübadilə üçün əvəzolunmaz platformadır

“Erasmus” tələbəmiz: Xaricdə təhsil mədəni mübadilə üçün əvəzolunmaz platformadır

21 dekabr 2023

Baxış sayı: 404

2023/2024-cü tədris ilinin payız semestrini Rumıniyada oxuyan tələbəmiz Məleykə Süleymanova təəssüratlarını saytımız ilə bölüşür. O, MBA (Maliyyə, ingilis dilində) II kurs tələbəsidir. 

“Rumıniyanın Qərbi Timişoara Universitetində “Erasmus” tələbəsi olaraq təhsilimi davam etdirməkdən məmnunan. Bu universitet eyniadlı şəhərdə - Timişoarada yerləşir. Universitetdəki dinamik öyrənmə mühiti təqdirəlayiqdir və karyeramın akademik yönden inkişafına əhəmiyyətli dərəcədə töhfə verəcəyinə inanıram.

Xüsusilə vurğulamaq istəyirəm ki, xaricdə təhsil mədəni mübadilə üçün əvəzolunmaz  platformadır. Həm beynəlxalq tələbələr, həm də yerli icma üzvləri ilə ünsiyyət, birgə tədbirlərdə iştirak etmək perspektivlərimi genişləndirir, Rumıniyanı yaxından tanımağıma və  bu ölkənin mədəniyyətini daha yaxşı başa düşməyimə kömək edir. 

Tələbələrə mübadilə proqramlarında iştirak etmək üçün şərait və Qərbi Timişoara Universitetinin icmasının üzvü olmaq fürsəti yaratdığına görə Azərbaycan Universitetinin rəhbərliyinə və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarına təşəkkür edirəm. “Erasmus” mübadilə proqramı təkcə akademik təkmilləşməyə deyil, həm də şəxsi inkişafa və mədəniyyətlərarası dialoqa kömək edir. Əminəm ki, burada qazandığım təcrübənin həm akademik, həm də şəxsi inkişafıma təsiri çox böyük olacaq”. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR