XƏBƏRLƏR

Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunmuş futbol turniri yekunlaşıb

Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunmuş futbol turniri yekunlaşıb

06 iyun 2016

Baxış sayı: 4429

"Sərhədçi" idman olimpiya mərkəzində Azərbaycan ordusunun şəhid əsgəri, Azərbaycan Universitetinin 2015-ci il məzunu Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunmuş futbol turnirinin final oyunu keçirilib.
Sosial iş fakültəsi tərəfindən təşkil olunmuş turnirin final qarşılaşmasında fakültənin II (142813-cü qrup) və IV kurs (122813) tələbələri mübarizə aparıb. Oyun 8:3 hesabı ilə başa çatıb. IV kurs tələbələrindən ibarət komanda futbol turnirinin qalibi olub.
Qalib komanda Sosial iş fakültəsinin dekanı Aygün Musayeva tərəfindən kubokla mükafatlandırılıb. Dekan qeyd edib ki, turnir bu il Azərbaycan Universiteti Sosial iş fakültəsinin tələbələri arasında keçirilib. Növbəti ildən etibarən müsabiqəyə bütün ali təhsil müəssisələrinin Sosial iş fakültələrinin cəlb edilməsi nəzərdə tutulur.
Oyunu şəhidin atası Seyfəddin Qurbanov da izləyib. Tələbə yoldaşları şəhidin atasına Fəxrəddinin xatirəsini daim yaşadacaqlarını bildirib, kuboku ona təqdim ediblər.
Qeyd edək ki, Qurbanlı Fəxrəddin Seyfəddin oğlu 1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbi bitirib.
2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş ixtisasına qəbul olub. Əlaçı və nümunəvi tələbə olub. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan - Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi işləyib.
2015-ci ildə Sosial iş fakültəsindən üçüncülüklə məzun olub. Həmin ilin iyul ayında  hərbi xidmətə yollanıb. 9 aprel 2016-cı il tarixdə cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbirstanlığında dəfn edilib. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Şəhidin medalı Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən ailəsinə təqdim olunub.
2016-cı ildə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı mükafatı” təsis olunub. Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərən insanlara veriləcək.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
06.06.2016

DİGƏR XƏBƏRLƏR