XƏBƏRLƏR
Azərbaycan Universitetində Gənc Mühasiblər İctimai Birliyinin nümayəndələri ilə görüş olub
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin IV kurs tələbələri üçün “Karyera planlaması” fənni çərçivəsində Gənc Mühasiblər İctimai Birliyinin (GMİB) nümayəndələri ilə görüş təşkil olunub. Tədbirdə Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva çıxış edərək, birliyin yaranması və fəaliyyəti haqqında məlumat verib. Sədr bildirib ki, 2000-ci ildə fəaliyyətə başlayan GMİB mühasibatlıq sahəsində ixtisaslaşmış kadrların hazırlanmasına, işsiz və işaxtaran gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərir. Birlik 2019-cu ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq qərarı ilə “Peşəkar Mühasib Təşkilatı” statusuna layiq görülüb. 2014-cü ildə birliyin nəzdində “GMB Klaster Konsaltinq” MMC təsis edilib.
Çıxışın ardınca ictimai birliyin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonra GMİB-nin nümayəndələri, “Destec Group”un Baş direktoru Sakit Səmədov, təlimçi Cəfər İbadov, ACCA member, təlimçi Elşən Şahverdiyev “Karyera inkişafı və planlaması” mövzusunda təqdimatla çıxış ediblər.
Qonaqlar çıxışlarında karyera planlaması zamanı tələbələrin etdiyi səhvlərə, qarşılaşdıqları çətinliklərə diqqət çəkib və problemlərin həlli üçün təkliflər veriblər. Həmçinin tələbələrlə öz təcrübələrini və karyera inkişafı, peşə seçimi, əmək bazarı ilə bağlı faydalı tövsiyələrini paylaşıblar.
Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi qonaqlara təşəkkürünü bildirib, tələbələrə karyera planlaması ilə bağlı tövsiyələrini verib.
Sonda GMİB-nin təşkil etdiyi təlimləri uğurla başa vuran və işlə təmin olunan universitetin 2025-ci il məzunu Pərvanə Quliyeva çıxış edib. Pərvanə Quliyeva 4 aylıq təqaüdlü təlim proqramında iştirakı, öyrəndikləri və işlə təmin olunması barədə təcrübəsini tələbələrlə bölüşüb.
İnteraktiv formatda təşkil olunan görüşdə tələbələrin karyera planlaması ilə bağlı sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi








