XƏBƏRLƏR

Hər fakültədən bir ulduz: yaz semestrinin ulduzları

Hər fakültədən bir ulduz: yaz semestrinin ulduzları

10 mart 2026

Baxış sayı: 464

Tələbələrin inkişafını daim diqqət mərkəzində saxlayan və dəstəkləyən, onların potensialını üzə çıxarmağa yönəlmiş təşəbbüsləri ilə seçilən Azərbaycan Universiteti “Ulduz tələbə” layihəsinin növbəti qaliblərini elan edib. Münsiflər heyətinin qərarına əsasən 2025/2026-cı tədris ilinin yaz semestrinin ulduz tələbələri Humanitar və sosial elmlər fakültəsi üzrə Hüseyn İsgəndərov, Biznes və iqtisadiyyat fakültəsi üzrə Nəzrin Məmmədzadə, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi üzrə Nihat Əliyevdir. 

Hüseyn İsgəndərov Sosial iş ixtisası üzrə III kurs, Nəzrin Məmmədzadə Marketinq (tədris ingilis dilində) ixtisası üzrə III kurs, Nihat Əliyev İnformasiya təhlükəsizliyi ixtisası üzrə IV kurs tələbəsidir. Yeni ulduz tələbələrin statusu yaz semestri müddətində qüvvədə olacaq və onlar hər ay 100 manat məbləğində təqaüd alacaqlar.

Humanitar və sosial elmlər fakültəsi üzrə Hüseyn İsgəndərovun payız semestri üzrə GPA balı 100-dür. Yüksək akademik göstəriciləri ilə seçilən və beynəlxalq təcrübə proqramlarının iştirakçısı olan tələbə bir neçə elmi məqalənin müəllifidir, eyni zamanda ictimai fəaliyyəti ilə fərqlənir. Müxtəlif dövlət qurumlarının və beynəlxalq təşkilatların layihələrində könüllü kimi iştirak edib və müvafiq sertifikatlarla təltif olunub. Universitetin elmi, sosial və təşkilati layihələrində koordinator və təşkilatçı kimi fəaliyyət göstərib, universitet daxilində və xaricində keçirilən təlim və konfranslarda iştirak edib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) “4Sİ Akademiyası” çərçivəsində “Coursera” platformasında Sosial iş üzrə müxtəlif kurs və modulları uğurla başa vuraraq beynəlxalq sertifikat əldə edib. Xarici dil bilikləri və rəqəmsal bacarıqları yüksək səviyyədədir. 

Biznes və iqtisadiyyat fakültəsinin ulduzu Nəzrin Məmmədzadənin payız semestri üzrə GPA balı 97.50-dir. Tələbə yüksək akademik göstəriciləri ilə yanaşı ictimai fəallığı ilə də seçilir. Biznes və iqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədr müavini, eyni zamanda fakültənin nəzdində fəaliyyət göstərən “Gənc İqtisadçılar Klubu”nun rəhbəri kimi universitetin elmi və akademik həyatında fəal iştirak edir. Nəzrin Məmmədzadənin təşəbbüsü və təşkilatçılığı ilə iqtisadiyyat və rəqəmsal marketinq mövzularına həsr olunmuş seminarlar və diskussiya panelləri keçirilib, mütəxəssislərin iştirakı ilə tələbələr üçün maarifləndirici sessiyalar təşkil olunub. O, həmçinin beynəlxalq və yerli konfranslarda, forumlarda və universitet tədbirlərində fəal iştirak edib, təşkilati dəstəyinə görə bir sıra sertifikat və təşəkkürnamələrlə təltif olunub. Eyni zamanda müxtəlif dövlət qurumlarının layihə və proqramlarında könüllü kimi iştirak edib. Rəqəmsal bacarıqları yüksək səviyyədədir. İngilis dili üzrə beynəlxalq “Pearson” dil sertifikatına malikdir. 

İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin ulduz tələbəsi Nihat Əliyevin payız semestri üzrə GPA balı 91.83-dür. Yerli və beynəlxalq proqramlaşdırma müsabiqələrində universiteti uğurla təmsil edir. Bu il 50-cisi keçirilən, tələbələr üçün nəzərdə tutulan, iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə dünyanın ən prestijli müsabiqələrindən biri hesab olunan ICPC (International Collegiate Programming Contest / Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi) müsabiqəsinin 1/8 və 1/4 mərhələlərində uğurla iştirak edərək 3-cü dərəcəli diplomla təltif olunub. Azərbaycan Universitetini 2025-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən ICPC yarışında təmsil edib. Nihat Əliyev hazırda Türkiyənin Necmeddin Erbakan Universitetinin müvafiq fakültə və struktur bölmələrində akademik və praktiki fəaliyyətlərdə iştirak etməklə istehsalat təcrübəsi keçir. O, beynəlxalq təcrübə mərhələsi başa çatdıqdan sonra burada əldə etdiyi bilik və bacarıqları tətbiq etmək məqsədilə istehsalat təcrübəsinə yerli müəssisədə davam edəcək. Bu mərhələ beynəlxalq təcrübənin yerli peşə mühitinə inteqrasiyasına xidmət edir. 

“Ulduz tələbə” layihəsinə müraciətlərin qəbulu

  • “Ulduz tələbə” layihəsinə müraciət qəbulu tədris ilinin hər semestri üzrə imtahan sessiyasının bitməsindən dərhal sonra elan edilir və müraciətlər təsdiqedici sənədlərlə birgə 5 (beş) iş günü ərzində tələbənin tədris aldığı fakültənin dekanlığına təqdim edilir.
  • Dekanlıq müraciətlər arasından aşağıda qeyd olunan meyarlar üzrə göstəricisi (topladığı bal) ən yüksək olan 3 (üç) namizədi seçir və 5 (beş) iş günü ərzində Münsiflər heyətinə təqdim edir.
  • Münsiflər heyəti növbəti semestrin başlanmasınadək dekanlıqlar tərəfindən təqdim edilən namizədləri dəyərləndirir və seçilmiş tələbələrin siyahısı Rektorun əmri ilə təsdiqlənir.

“Ulduz tələbə”nin seçilməsi meyarları və prinsipləri

  • “Ulduz tələbə”lər bu layihə çərçivəsində yaradılmış və tərkibi Rektorun əmri ilə təsdiqlənən Münsiflər heyəti tərəfindən sadə səs çoxluğu, ədalətlilik və bitərəflik prinsipləri əsasında seçilir və namizədlər aşağıdakı meyarlara əsasən 100 ballıq şkala ilə qiymətləndirilir:
  • Akademik göstəricilərinə görə - 30 bal (bitmiş semestr üzrə GPA 81+ olması, təkrar dərs və ya akademik borcun olmaması);
  • Elmi fəaliyyətinə görə - 20 bal (Beynəlxalq konfransda çıxış və dərc olunmuş məqalə – 10 bal; yerli konfransda çıxış və dərc olunmuş məqalə (tezis)– 5 bal; TEC və digər elmi-tədqiqat qruplarında aktiv iştirak– 5 bal);
  • Sosial və ictimai fəaliyyətinə, xüsusi bacarıqları, nümayəndəlik və liderlik keyfiyyətlərinə görə - 20 bal (Sosial fəaliyyətlərdə aktivliyi, təşəbbüskarlığı və məsuliyyəti ilə seçilən, könüllülük fəaliyyəti və xeyriyyə təşəbbüslərində iştirak, incəsənət sahəsində uğurlar, idman nailiyyətləri və s.);
  • Xarici dil və rəqəmsal bacarıqlarına görə - 20 bal (professional inkişafı üçün universitet öhdəliklərindən əlavə bilik və bacarıqları formalaşdıran təlimlərdə, beynəlxalq təcrübə proqramlarında iştirak, xarici dil üzrə beynəlxalq sertifikat (IELTS (6.0–6.5 – 5 bal; 7.0+ – 10 bal), TOEFL (80–90 – 5 bal; 91+ – 10 bal və s.), İKT üzrə sertifikat);
  • İntizam və nümunəvi davranış - 10 bal (Universitetin tələbələr üçün nəzərdə tutulmuş nizam-intizam qaydalarına riayət etməsi, Universitetin nüfuzuna xələl gətirən, mənəvi dəyərlərinə zidd hərəkətlər etməməsi, müəllim və tələbə kollektivləri arasındakı nüfuz və hörməti və s.).

Eyni bal toplayan namizədlər arasında seçim aşağıdakı ardıcıllığa əsasən aparılır:

  • Akademik göstəricisi daha yüksək olan namizədə üstünlük verilir (GPA göstəricisinə əsasən).
  • Akademik göstəriciləri bərabərdirsə, elmi fəaliyyət balı daha yüksək olan namizəd seçilir.
  • Yuxarıda qeyd edilən hər iki göstərici eyni olduğu halda, Münsiflər Heyətinin səsverməsi əsasında yekun qərar verilir.

Qeyd edək ki, “Ulduz tələbə” layihəsi universitetin Elmi Şurasının qərarı ilə 2025/2026-cı tədris ilinin payız semestrindən başlayaraq icra olunur. Layihə universitetin üzərinə düşən sosial məsuliyyəti dərk edərək və təhsilalanların sosial rifahını yaxşılaşdırmaq siyasətinə uyğun olaraq, tələbələrin tədris prosesinə və ictimai fəaliyyətə olan marağının yüksəldilməsi, xüsusi istedadı ilə fərqlənən tələbələrin seçilməsi və tanıdılması məqsədilə həyata keçirilir. “Ulduz tələbə”lər hər imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq hər fakültə üzrə 1 nəfər olmaqla rektorun əmri ilə təsdiqlənən və ən az 5 üzvdən ibarət olan Münsiflər Heyəti tərəfindən tələbənin akademik göstəriciləri; elmi fəaliyyəti; sosial və ictimai fəaliyyəti, xüsusi bacarıqları, nümayəndəlik və liderlik keyfiyyətləri; xarici dil və rəqəmsal bacarıqları; intizam və nümunəvi davranışına görə seçilir. Layihə bakalavriat tələbələrinə şamil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR