XƏBƏRLƏR
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Universitetində infosessiya keçirib
Azərbaycan Universitetinin pedaqoji-inzibati heyət üzvləri və tələbələri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatlandırıcı sessiya keçirilib. Tədbirdə agentliyin əməkdaşı Sevil Əliyeva təqdimatla çıxış edib.
Sevil Əliyeva çıxışında qeyd edib ki, agentlik tərəfindən ənənəvi olaraq icbari tibbi sığortanın təbliği və bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. İcbari tibbi sığorta sisteminin məqsədi tibbi xidmətlərə əlçatanlığı təmin etmək və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaqdan ibarətdir. Hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 3315 sayda tibbi xidmət daxil edilib.
Agentliyin nümayəndəsi çıxışında icbari tibbi sığortaya müraciət qaydası, sığorta haqları, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınan tibbi xidmətlər, xidmətlər zərfinin elektron axtarış sistemi, limit tətbiq olunan tibbi xidmətlər, xidmətlər zərfi ilə təminata alınan dərman vasitələri, icbari tibbi sığorta ilə özəl tibb müəssisələrində tibbi xidmətlərdən istifadə, agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı haqqında da məlumat verib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi