XƏBƏRLƏR

İKT fakültəsinin dekanı Asif Paşayev Türkiyədə səfərdə olub

İKT fakültəsinin dekanı Asif Paşayev Türkiyədə səfərdə olub

30 mart 2022

Baxış sayı: 1576

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev martın 21-dən 27-dək Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) səfərdə olub. 12 universitetdən 17 nümayəndənin iştirak etdiyi səfər Azərbaycan Respublikası Təhsil Nazirliyinin  “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin “İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi layihəsi çərçivəsində təşkil olunub. Layihənin qalibi və koordinatoru Naxçıvan Universiteti, eksperti isə ODTU-nun professoru Kürşat Çağıltaydır.

Səfərin ilk günü Orta Doğu Texniki Universiteti ilə tanışlıq xarakteri daşıyıb. Prof. Dr. Kürşat Çağıltay, Dr. Serkan Alkan və universitetin Beynəlxalq əlaqələr ofisindən Dr. İbrahim Yorgun layihə iştirakçılarını salamlayaraq universitetin tarixi, infrastrukturu, tədqiqat mərkəzləri, texnoparkı, layihələndirmə fabriki, beynəlxalq əməkdaşlığı, qoşulduğu  mübadilə proqramları haqqında məlumat verib, qonaqların suallarını cavablandırıblar. Məlumatlandırma sessiyasının ardından layihənin koordinatoru, Naxçıvan Universitetinin baş müəllimi Şamil Hümbətov və  iştirakçı universitetlərin əməkdaşları ev sahiblərinə müxtəlif xatirə hədiyyələri təqdim ediblər.     

Layihə iştirakçıları günün ikinci yarısında Alpay Karagöz və Görkem Muyanın müşayiəti ilə ODTU İnsan-Kompüter İnterfeysinin (HCİ) laboratoriyaları ilə tanış olublar. Burada “Tobii eye traker- göz izləmə cihazlarının laboratoriya studiyası”nda laboratoriyanın təyinatı, iş prinsipi praktik tapşırıqlarla nümayiş etdirilib.

İkinci gün universitetin “Bilgisayar və Öğretim Teknolojileri Eğitimi” kafedrasının kompüter laboratoriyasında Serap Yağmurun təqdimatında “Koqnitiv Modelləşdirmə və CogTool - interfeys layihələndirmə sistemi”nin təqdimatı və praktiki icra məşğələsi olub. Nahar fasiləsindən sonra ODTU “Layihələndirmə Fabriki”ndə (Tasarım Fabrikası) görüşlər keçirilib. Burada fabrikin direktoru Prof. Dr. Arzu Gönenç Sorguç və Dr. Serkan Alkan fabrikin məqsədi, iş mexanizmi haqqında məlumat veriblər, həmçinin “Fənlərarası Layihələndirmə Studiyası”, “Desktop eye tracker” və “Tobii Glass eye tracker Demo” studiyaları haqqında təqdimatlar olub və praktik məşğələlər icra olunub.

Səfərin üçüncü günü Orta Doğu Texniki Universitetinin texnokəndi ilə tanışlıq olub. Texnokənddə Selin Doğunun təqdimatında iştirakçılara araşdırma mərkəzləri, icra olunan layihələr, icraçı şirkətlər, “Teknokent Cozone” haqqında geniş məlumat verilib, təqdimatlar ətrafında müzakirə aparılıb, həmçinin potensial əməkdaşlıq perspektivləri müzakirə olunub. Günün ikinci yarısında “Eğitim” fakültəsinin “Lego Laboratoriyası” ziyarət olunub. Burada Dr. Göknur Kaplanın təqdimatında laboratoriyanın təyinatı, həyata keçirilən layihələr, robot, dron texnologiyaları haqqında məlumat verilib. Günün sonunda GİSAM mərkəzində (Görsel İşitsel Sistemler Araştırma ve Uygulama Merkezi) Prof. Dr. Kürşat Çağıltayın təqdimatında mərkəzin müxtəlif innovativ layihələri, göz hərəkətləri ilə idarə olunan əlil arabaları, oyun proqramları nümayiş etdirilib.

Səfərin dörüncü günü “Bilgisayar Mühəndisliyi” kafedrası ziyarət olunub. Kafedra rəhbəri Prof. Dr. Halit Oğuztüzün və Prof. Dr. Ali Hikmet Doğru layihə iştirakçılarına kafedranın fəaliyyəti haqqında məlumat veriblər, ixtisasın tədris planı, semestrlər üzrə paylanması, fənlərdə tədris olunan istiqamətlər, mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu görüşdən sonra layihənin eksperti, Prof. Dr. Kürşat Çağıltayın layihə iştirakçıları ilə yekun müzakirəsi baş tutub. Müxtəlif əməkdaşlıq perspektivləri, layihə çərçivəsində  professorun Azərbaycan dilinə tərcümə olunacaq “İnsan-Bilgisayar Etkileşimi ve Kullanılabilirlik Mühendisliği” kitabının təqdimatı və insan - kompüter interfeyslərininin araşdırılmasına dair birgə beynəlxalq konfransın keçirilməsi müzakirə olunub, xatirə şəkilləri çəktirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
30.03.2022

DİGƏR XƏBƏRLƏR