XƏBƏRLƏR
İKT tələbələri hazırladıqları layihəni “AzAqro” MMC-də təqdim ediblər
Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları (İKT) fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alan III kurs tələbələri Namət Nağıyev, Əkrəm Hüseynli və Alican Mikayılovun hazırladıqları “AqroTex” layihəsinin Şəmkir şəhərində fəaliyyət göstərən “AzAqro” MMC müəssisəsində təqdimatı olub.
Layihənin rəhbəri, İKT fakültəsinin dekanı Asif Paşayev və tələbələr təqdimat üçün Şəmkir rayonuna ezam olunublar. Onlar “AzAqro” MMC-nin mütəxəssisləri ilə görüşərək, layihə haqqında ətraflı məlumat verib, layihədə nəzərdə tutulan ideyanın həyata keçirilməsi üçün praktik tapşırıqlar icra ediblər.
İKT tələbələrinin hazırladıqları layihə mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatdan sonra layihənin daha da inkişaf etdirilərək məhsula çevrilməsi istiqamətində işlərin aparılması qərara alınıb. Tələbələr qarşısında ilkin texniki tapşırıqlar müəyyənləşdirilib və həmin tapşırıqların icrası üçün onlara zəruri dəstəyin göstəriləcəyi bildirilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
