XƏBƏRLƏR
İKT tələbələri “Sumgayit Cup” proqramlaşdırma müsabiqəsində iştirak ediblər
Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbələri Sumqayıt Dövlət Universiteti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sumqayıt İnnovasiya Mərkəzi və Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan icmasının birgə təşkilatçılığı ilə keçirilən “Sumgayit Cup” proqramlaşdırma müsabiqəsində iştirak ediblər.
Azərbaycan Universiteti müsabiqədə iki komanda ilə təmsil olunub. Sumqayıt şəhərində keçirilən müsabiqə Nuray Əkbərova (Kompüter mühəndisliyi), Abbas Əhmədov (Kompüter mühəndisliyi), İbrahim İmanzadə (İnformasiya texnologiyaları), Məhəmməd Haqverdizadə (İnformasiya texnologiyaları), Fateh Məmmədov (İnformasiya texnologiyaları), Cəsur İsmayılov (İnformasiya təhlükəsizliyi) üçün proqramlaşdırma müsabiqələrinə hazırlanmaq baxımından əvəzsiz təcrübə olub. Onlar real yarış şəraitində problem həll etmə, eyni zamanda həm texniki, həm də ünsiyyət bacarıqlarını təkmilləşdiriblər.
Qeyd edək ki, bu il ikincisi keçirilən müsabiqədə 24 universitetdən 35 komanda bilik və bacarıqlarını sınayıb. Artıq ənənəyə çevrilən “Sumgayit Cup” proqramlaşdırma müsabiqəsinin məqsədi iştirakçıların proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti yaratmaq və innovasiyayönümlü istedadları üzə çıxarmaqdır. Müsabiqə İKT sahəsinə marağı artırmaqla yanaşı, təhsil müəssisələri və müvafiq qurumlar arasında əməkdaşlıq imkanlarının genişlənməsinə də töhfə verməyi hədəfləyir.
İctimaiyyətlə əlaqələr şöbəsi
