XƏBƏRLƏR
Hər fakültədən bir ulduz: Azərbaycan Universitetinin ilk “Ulduz tələbə”ləri
Son illərdə beynəlxalq əlaqələrini genişləndirməyə davam edən, dünyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıqlarını səmərəli şəkildə inkişaf etdirən, tədqiqat sahəsində mühüm yeniliklərə imza atan, nüfuzlu beynəlxalq reytinqlərdə yer almağa və irəliləməyə davam edən Azərbaycan Universiteti tələbələri üçün yaratdığı yeni imkanlar ilə də seçilir. Belə ki, universitetin Elmi Şurasının qərarı ilə 2025/2026-cı tədris ilinin payız semestrindən başlayaraq “Ulduz tələbə” adlı yeni layihənin tətbiqinə start verilib.
Elmi Şuranın qərarına əsasən “Ulduz tələbə” layihəsi universitetin üzərinə düşən sosial məsuliyyəti dərk edərək və təhsilalanların sosial rifahını yaxşılaşdırmaq siyasətinə uyğun olaraq, tələbələrin tədris prosesinə və ictimai fəaliyyətə olan marağının yüksəldilməsi, xüsusi istedadı ilə fərqlənən tələbələrin seçilməsi və tanıdılması məqsədilə həyata keçirilir. Ulduz tələbələr hər imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq hər fakültə üzrə 1 nəfər olmaqla rektorun əmri ilə təsdiqlənən və ən az 5 üzvdən ibarət olan Münsiflər Heyəti tərəfindən tələbənin akademik göstəriciləri; elmi fəaliyyəti; sosial və ictimai fəaliyyəti, xüsusi bacarıqları, nümayəndəlik və liderlik keyfiyyətləri; xarici dil və rəqəmsal bacarıqları; intizam və nümunəvi davranışına görə seçilir. Layihə bakalavriat tələbələrinə şamil olunur.
Münsiflər Heyəti ilk “Ulduz tələbə”ləri artıq elan edib. Layihənin ilk ulduz tələbələri – Biznes və iqtisadiyyat fakültəsi üzrə Lamiyə Məmmədzadə, Humanitar və sosial elmlər fakültəsi üzrə Aynur Quliyeva, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi üzrə isə Yunis Bədəlovdur. Lamiyə Məmmədzadə Marketinq ixtisası üzrə IV kurs, Aynur Quliyeva Tərcümə (ingilis dili) ixtisası üzrə III kurs, Yunis Bədəlov isə İnformasiya təhlükəsizliyi ixtisası üzrə IV kurs tələbəsidir. Payız semestrinin ulduz tələbələrinin statusu 5 ay müddətində qüvvədə olacaq və onlar hər ay 100 manat məbləğində təqaüd alacaqlar.
Biznes və iqtisadiyyat fakültəsinin ulduzu Lamiyə Məmmədzadənin GPA balı 96.43-dür. İxtisası və şəxsi inkişafı ilə bağlı müxtəlif təlimlərdə iştirak edib, müvafiq sertifikatları var. “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətində 3 aylıq təcrübə keçib. Azərbaycan Universiteti və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən birgə həyata keçirilən “COP29 –Simulyasiya Layihəsi”nin iştirakçısıdır, sertifikatla təltif olunub. Xarici dil bilikləri və rəqəmsal bacarıqları yüksək səviyyədədir. Tələbənin nizam-intizam qaydalarına daim riayət edir.
Humanitar və sosial elmlər fakültəsinin ulduzu Aynur Quliyevanın GPA balı 97.4-dür. Universitetdə və ölkədə keçirilən elmi tədbirlərdə və tələbə konfranslarında fəal iştirak edir, müvafiq sertifikatları var. 2 tezisin müəllifidir, hazırda bir kitab tərcüməsi üzərində işləyir. Xarici dil bilikləri, rəqəmsal bacarıqları, o cümlədən təqdimat bacarıqları yüksək səviyyədədir. Şəxsi inkişafı ilə bağlı müxtəlif təlim və vebinarlarda iştirak edib. Universitetdə təşkil olunan müsabiqə, intellektual oyun, ədəbi-bədii gecə kimi tədbirlərdə fəallıq nümayiş etdirib, dərəcə və yüksək nailiyyət sertifikatlarına layiq görülüb. Xarici dil bilikləri və rəqəmsal bacarıqları yüksək səviyyədədir. Tələbənin nizam-intizam qaydalarına daim riayət edir.
İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin ulduzu Yunis Bədəlovun GPA balı 92.1-dir. “AUTEC” mobil tətbiqinin dizaynının hazırlanmasında aktiv iştirak edib və proqram artıq “Play Market”ə yüklənib. Kibertəhlükəsizlik sahəsində yüksək səviyyədə texniki biliklərə və yarış təcrübəsinə malikdir. Universiteti beynəlxalq və yerli proqramlaşdırma müsabiqələrində uğurla təmsil edir. “48-ci ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində (2023) yüksək nailiyyət sertifikatına layiq görülüb. Azərbaycan Universitetində keçirilən, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Proqramlaşdırma üzrə olimpiada”da 2-ci yeri tutub və müvafiq sertifikatla təltif olunub. İnformasiya texnologiyaları sahəsində universitetdə həyata keçirilən layihələrin icrasında fəallıq nümayiş etdirir və adətən layihənin texniki tapşırıqlarını yerinə yetirir. Xarici dil və təqdimat bacarıqları yüksək səviyyədədir. Tələbənin nizam-intizam qaydalarına daim riayət edir.
“Ulduz tələbə” layihəsinə müraciətlərin qəbulu
“Ulduz tələbə” layihəsinə müraciət qəbulu tədris ilinin hər semestri üzrə imtahan sessiyasının bitməsindən dərhal sonra elan edilir və müraciətlər təsdiqedici sənədlərlə birgə 5 (beş) iş günü ərzində tələbənin tədris aldığı fakültənin dekanlığına təqdim edilir.
Dekanlıq, edilmiş müraciətlər arasından aşağıda qeyd olunan meyarlar üzrə göstəricisi (topladığı bal) ən yüksək olan 3 (üç) namizədi seçir və 5 (beş) iş günü ərzində Münsiflər heyətinə təqdim edir.
Növbəti semestrin başlanmasınadək dekanlıqlar tərəfindən təqdim edilən namizədlər Münsiflər heyəti tərəfindən dəyərləndirilir və seçilmiş tələbələrin siyahısı Rektorun əmri ilə təsdiqlənir.
“Ulduz tələbə”nin seçilməsi meyarları və prinsipləri
“Ulduz tələbə”lər bu layihə çərçivəsində yaradılmış və tərkibi Rektorun əmri ilə təsdiqlənən Münsiflər heyəti tərəfindən sadə səs çoxluğu, ədalətlilik və bitərəflik prinsipləri əsasında seçilir və namizədlər aşağıdakı meyarlara əsasən 100 ballıq şkala ilə qiymətləndirilir:
Akademik göstəricilərinə görə - 30 bal (bitmiş semestr üzrə GPA 81+ olması, təkrar dərs və ya akademik borcun olmaması);
Elmi fəaliyyətinə görə - 20 bal (Beynəlxalq konfransda çıxış və dərc olunmuş məqalə – 10 bal; yerli konfransda çıxış və dərc olunmuş məqalə (tezis)– 5 bal; TEC və digər elmi-tədqiqat qruplarında aktiv iştirak– 5 bal);
Sosial və ictimai fəaliyyətinə, xüsusi bacarıqları, nümayəndəlik və liderlik keyfiyyətlərinə görə - 20 bal (Sosial fəaliyyətlərdə aktivliyi, təşəbbüskarlığı və məsuliyyəti ilə seçilən, könüllülük fəaliyyəti və xeyriyyə təşəbbüslərində iştirak, incəsənət sahəsində uğurlar, idman nailiyyətləri və s.);
Xarici dil və rəqəmsal bacarıqlarına görə - 20 bal (professional inkişafı üçün universitet öhdəliklərindən əlavə bilik və bacarıqları formalaşdıran təlimlərdə, beynəlxalq təcrübə proqramlarında iştirak, xarici dil üzrə beynəlxalq sertifikat (IELTS (6.0–6.5 – 5 bal; 7.0+ – 10 bal), TOEFL (80–90 – 5 bal; 91+ – 10 bal və s.), İKT üzrə sertifikat);
İntizam və nümunəvi davranış - 10 bal (Universitetin tələbələr üçün nəzərdə tutulmuş nizam-intizam qaydalarına riayət etməsi, Universitetin nüfuzuna xələl gətirən, mənəvi dəyərlərinə zidd hərəkətlər etməməsi, müəllim və tələbə kollektivləri arasındakı nüfuz və hörməti və s.).
Eyni bal toplayan namizədlər arasında seçim aşağıdakı ardıcıllığa əsasən aparılır:
Akademik göstəricisi daha yüksək olan namizədə üstünlük verilir (GPA göstəricisinə əsasən).
Akademik göstəriciləri bərabərdirsə, elmi fəaliyyət balı daha yüksək olan namizəd seçilir.
Yuxarıda qeyd edilən hər iki göstərici eyni olduğu halda, Münsiflər Heyətinin səsverməsi əsasında yekun qərar verilir.
İctimaiyyətlə əlaqələr şöbəsi