XƏBƏRLƏR

Kafedra müdiri Rəşad Məstəliyev “COIA-2024” beynəlxalq konfransında iştirak edib

Kafedra müdiri Rəşad Məstəliyev “COIA-2024” beynəlxalq konfransında iştirak edib

30 avqust 2024

Baxış sayı: 130

Azərbaycan Universitetinin Riyaziyyat və informatika kafedrasının müdiri,  dosent Rəşad Məstəliyev Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İstanbul  Cerrahpaşa Universiteti, Ağrı İbrahim Çeçen Universiteti və  Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (The 9th International Conference on Control and Optimization with Industrial Applications / COIA-2024) adlı 9-cu beynəlxalq elmi konfransda iştrak edib. 27-29 avqust 2024-cü il tarixlərində keçirilən konfrans Türkiyədə, İstanbul Cerrahpaşa Universitetində hibrid formatda təşkil olunub. 

Konfransın açılış mərasimində Türkiyə Böyük Millət Məclisinin millət vəkili Şamil Ayrım, İstanbul Cerrahpaşa Universitetinin prorektoru, professor Erol İnce, “Katoder” şirkətinin rəhbəri Sabiha Gül Doğan, konfransın təşkilat komitəsinin həmsədrləri akademik Fikrət Əliyev və Ahmet Ocak Akdemirin çıxışları dinlənilib.   

Ənənəvi olaraq təşkil olunan və 3 gün davam etmiş tədbirdə idarəetmə və optimallaşdırma sahəsində dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislər bir araya toplanaraq idarəetmə nəzəriyyəsi, optimallaşdırma, intellektual sistemlər, qeyri-səlis idarəetmə, hesablama metodları, şəbəkə və telekommunikasiya, riyazi modelləşdirmə və simulyasiya, sənaye və iqtisadiyyatda tətbiqlər, identifikasiya və digər mövzular ətrafında müzakirələr aparıb.  

Konfransda dünyanın 30-dan artıq ölkəsindən 200-dən çox riyaziyyatçı alim və ekspert, o cümlədən optimal və idarəetmə sahəsində çalışan 7 dəvətli məruzəçi iştirak edib. 

Riyaziyyat və idarəetmə kafedrasının müdiri Rəşad Məstəliyev konfransda “Rosser tipli kəsilməz stoxastik optimal idarəetmə məsələsində Eyler tənliyinin analoqu və ikinci tərtib zəruri şərtlər”(Analog of the Euler equation and second order necessary optimality conditions for Rosser type continuous stochastic control problem) mövzusunda məruzə edib. Məruzə iştirakçılar tərəfindən  müsbət qarşılanıb, kafedra müdirinə mövzu ətrafında müxtəlif suallar verilib və alınmış nəticələrin qərarların qəbul edilməsində, iqtisadi məsələlərin həllində, mürəkkəb texniki sistemlərin layihələndirilməsində və digər praktik sahələrdə tətbiqinin mümkünlüyü müzakirə edilib. 

Qeyd edək ki, “COIA-2024” ilk dəfə olaraq “IEEE Türkiye” tərəfindən texniki cəhətdən dəstəklənir və qəbul edilmiş məqalələr “IEEE Xplore”a daxil olmaq üçün təqdim ediləcək. Həmçinin qəbul edilmiş və konfransda məruzə edilən bütün məqalələr “Web of Science: Conference Proceedings Citation Index” bazasında  indekslənmək üçün təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR