XƏBƏRLƏR

Sosial iş tələbələri ilə karyera quruculuğuna həsr olunmuş görüş keçirilib

Sosial iş tələbələri ilə karyera quruculuğuna həsr olunmuş görüş keçirilib

27 aprel 2026

Baxış sayı: 78

Azərbaycan Universiteti ilə Azərbaycan Sosial İş İctimai Birliyi arasında imzalanmış memorandumdan irəli gələn tədbirlər planı çərçivəsində Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin təşkilatçılığı ilə Sosial iş ixtisasının ingilis bölməsində təhsil alan tələbələr üçün karyera quruculuğu mövzusunda tədbir keçirilib. Tədbirdə mərkəzin direktoru Aygün Muradlı, ictimai birliyin sədr müavini Tural Mirzəyev, birliyin icraçı direktoru Ləman Əliyeva və Sosial iş üzrə mütəxəssis Kənan İsmayılov iştirak ediblər. 

Qonaqlar tələbələri karyera imkanları ilə tanış edib, onlara peşəkar inkişaf yolları haqqında ətraflı məlumat verib, mövzuya dair suallarını cavablandırıblar.  

Görüş üç əsas istiqamət üzrə təşkil olunub. Qonaqlar tədbirin əvvəlində Azərbaycanda sosial iş sahəsinin inkişafı mövzusunda çıxış edib, ixtisasın Azərbaycandakı tarixi, bugünkü vəziyyəti və gələcək perspektivləri barədə iştirakçılara zəngin məlumat təqdim ediblər. Sahənin strateji əhəmiyyəti, qarşılaşılan çağırışlar və bu çağırışları fürsətə çevirmə yolları tələbələrdə böyük maraq doğurub. 

Sosial iş tələbələrinin inkişaf perspektivləri bölməsində gənclərin bu sahədə özlərini necə formalaşdıra biləcəkləri müzakirə edilib. Eyni zamanda, peşəkar şəbəkə qurmağın əhəmiyyəti və sahəyə dair dərin bilik əldə etmək üçün istifadə oluna biləcək resurslar nəzərdən keçirilib. 

Tədbirin ən dinamik hissəsini “Karyera quruculuğu” mövzusunda çıxışlar təşkil edib.  Qonaqların çıxışları karyeranın mahiyyəti və uzunmüddətli karyera quruculuğu strategiyaları, özünüinkişaf və fərdi inkişafın peşəkar uğurdakı rolu, əmək bazarında tələb olunan texniki bacarıqlar, rəqabətqabiliyyətli CV-nin hazırlanmasının prinsipləri, işgüzar yazışmalarda peşəkarlıq, düzgün elektron poçt üslubu və etiket, xaricdə təhsil imkanları və beynəlxalq mühitdə özünü təqdimetmə yolları, xarici ölkələrin tanınmış universitetlərinin təqaüd proqramları və bu proqramlara müraciət strategiyaları kimi mövzuları əhatə edib. 

Sonda mərkəzin direktoru Aygün Muradlı çıxış edərək qonaqlara təşəkkür edib, tədbirin tələbələrin şəxsi və peşəkar inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR