XƏBƏRLƏR
Azərbaycan Universitetində kibertəhlükəsizlik mövzusunda tədbir keçirilib
Azərbaycan Universitetində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən “Kibertəhlükəsizlikdə karyera, biznes və real bazar təcrübəsi” mövzusunda tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev açaraq qonağı təqdim edib və mövzunun aktuallığından bəhs edib. O, müasir dövrdə kibertəhlükəsizliyin həm dövlət, həm də özəl sektor üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Ardınca AKTA-nın İnnovasiya Komitəsinin (Yerli həllər, məhsullar, innovasiya və startaplar komitəsi) katibi, ekspert və “Brandefense” şirkətinin regional satış meneceri Rövşən Məmmədov təqdimat edib. Rövşən Məmmədov tələbələrə təhlükəsizlik anlayışı və kibertəhlükəsizliyin əsas prinsipləri barədə məlumat verib. O, xüsusilə bank sistemlərinin qorunması, məlumat sızmaları, fişinq hücumları və kiberhücumlarda süni intellektin rolu kimi mövzulara toxunub.
Ekspert real bazar təcrübəsinə əsaslanaraq kibertəhlükəsizlik sahəsində karyera imkanlarından, biznes sahəsində inkişaf perspektivlərindən və bu istiqamətdə tələb olunan bilik və bacarıqlardan danışıb.
AKTA əməkdaşı Rəbiyyə Xuduyevanın da iştirak etdiyi tədbir tələbələrin suallarının cavablandırılması və müzakirələrlə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi
