XƏBƏRLƏR

Azərbaycan Universitetinin məzunu Mirhəsən Seyidov İcra başçısı təyin olunub

Azərbaycan Universitetinin məzunu Mirhəsən Seyidov İcra başçısı təyin olunub

05 mart 2020

Baxış sayı: 5242

Azərbaycan Universitetinin məzunu Mirhəsən Seyidov Prezident İlham Əliyevin 5 mart 2020-ci il tarixli sərəncamına əsasən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu münasibətlə məzunumuzu təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

Mirhəsən Mirheydər oğlu Seyidov 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 287 saylı “Zəkalar” liseyini bitirib.

2006-cı ildə Azərbaycan Universitetinin Vergi və Vergitutma ixtisasına qəbul olub, 2010-cu ildə bu ixtisas üzrə bakalavr dərəcəsi alıb. 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsində Beynəlxalq biznes (MBA) üzrə təhsil alıb.

İctimai fəaliyyətinə 2005-ci ildə başlayıb. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (ARGTMŞ), UNICEF (Bakı şəhəri) Gənclər üçün resurs mərkəzlərində könüllü olaraq fəaliyyət göstərib. 2006-cı ildə ARGTMŞ Regionlarla iş üzrə departament sədri, 2007-ci ildə isə ARGTMŞ Layihələrlə iş üzrə departament sədri vəzifəsinə təyin olunub.

2009-cu ilin mayında Dünya Türk Gəncləri Birliyinin Azərbaycan nümayəndə heyətinin rəhbəri, 2009-cu ilin dekabrında ARGTMŞ Baş katib müavini vəzifələrini icra edib.

2012-ci ilin fevralında Avroviziyanın Azərbaycandakı rəsmi Fan Klubunun sədri, 2012-ci ilin mayında Azərbaycanda Avropa Hərəkatı İdarə Heyətinin üzvü, 2012-ci ildə ARGTMŞ-da sədr müavini olub.

2014-cü ildən “İRƏLİ” İctimai Birliyinin sədri, 2015-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvüdür.

2016-cı ildə “Azərbaycan Respublikası Konstitusiyasında Dəyişikliklər edilməsi haqqında” Referendumda “Vətəndaş Cəmiyyəti” Təşviqat qrupunun səlahiyyətli nümayəndəsi olub.

2017-ci ildə Prezident Mükafatına layiq görülüb.

2017-ci ilin martından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Müşahidə şurasının, 2017-ci ilin sentyabrdan Təhsil Nazirliyi yanında Daimi Şuranın üzvüdür.

2007-ci ildən başlayaraq 35-ə yaxın xarici ölkədə keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa Parlamenti, Avropa Şurası, BMT Uşaq Fondu (UNICEF), Avropa İttifaqı, Avropa Gənclər Forumu, BMT-nin İnkişaf Proqramı (UNDP), Avropa Gənclər Fondunun bir sıra tədbirlərində Azərbaycanı təmsil edib.

“SAY: Support of Azerbaijan Youth” hərəkatının ideya müəllifi və təsisçisidir. “Gənclik Meydanı”, “Gənc Jurnalistlər üçün təlim-düşərgə”, “Sağlam həyat tərzi və idman” və başqa bu kimi yay məktəbi, çempionat, beynəlxalq və yerli layihələrin koordinatorudur.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.03.2020

DİGƏR XƏBƏRLƏR