XƏBƏRLƏR

ODTU rektoru Mustafa Varşan Kök Azərbaycan Universitetində olub

ODTU rektoru Mustafa Varşan Kök Azərbaycan Universitetində olub

05 noyabr 2022

Baxış sayı: 9601

Orta Doğu Texniki Üniversitetinin (ODTU) rektoru, professor Mustafa Varşan Kök və rektorun köməkçisi, professor Mehmet Zeyrek Azərbaycan Universitetinin qonağı olublar. Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev və Tədris şöbəsinin müdiri Tariyel Qəninin iştirak etdiyi görüşdə tərəflər arasında mümkün əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.

Görüşdə elmi işlər üzrə prorektor Yusif Qasımov ODTU rektoru və köməkçisini Azərbaycanda görməkdən duyduğu məmnuniyyəti dilə gətirib, qonaqlara Azərbaycan Universitetinin fəaliyyəti haqqında məlumat verib. Prorektor ODTU ilə əməkdaşlığın Azərbaycan Universiteti üçün yeni perspektiv və imkanlar yaradacağını vurğulayıb. 

İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev “İnsan-kompüter interfeysləri sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” adlı qrant layihəsi çərçivəsində mart ayında müvafiq seminar və görüşlər üçün ODTU-da səfərdə olduğunu, universitetin təhsil, tədqiqat, sənaye ilə əməkdaşlıq və sosial imkanlarının ən üst səviyyədə olduğunu qeyd edib.  

ODTU rektoru, professor Mustafa Varşan Kök Azərbaycan Universitetinin  son illərdə təhsil və tədqiqat sahəsində ardıcıl və məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib və tərəflər arasında birgə layihələrin, müəllim-tələbə  mübadiləsinin həyata keçirilməsi istiqamətlərində əməkdaşlığa  başlanmasının mümkünlüyünü ifadə edib. 

Qonaqlar Azərbaycanın son illərdə inkişaf tempi ilə diqqət çəkdiyini də bildiriblər. 

Görüşün sonunda tərəflər birbirinə xatirə hədiyyəsi təqdim edib.  

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR