XƏBƏRLƏR

“Ölümə gedən bəyaz yol” adlı tədbir keçirilib

“Ölümə gedən bəyaz yol” adlı tədbir keçirilib

23 aprel 2021

Baxış sayı: 2139

Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Empatiya Klub” tərəfindən Nakomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizəyə həsr edilmiş “Ölümə gedən bəyaz yol” adlı tədbir keçirilib. “Mircosoft Teams” platforması üzərindən təşkil olunan tədbirin moderatorluğunu klubun sədri və Gənclərlə iş ixtisası üzrə magistratura I kurs tələbəsi Şalan Novruzov edib.

Tədbiri giriş sözü ilə açan Sosial işin təşkili kafedrasının müdiri, pedoqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva qeyd edib ki, zərərli vərdişlərdən olan narkomaniya müasir dövrün ən böyük bəlasına çevrilib. Narkotik maddə aludəçiliyi artan xətt üzrə davam edir və həllini gözləyən ağır problem olaraq qalır.

Tədbirin qonağı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji Yardım şöbəsinin müdiri Aydan İsmayılova zərərli vərdişlərdən asılı vəziyyətə düşmənin səbəbləri, narkotik vasitələrdən istifadənin insan orqanizmində törətdiyi fəsadlar, cəmiyyətə neqativ təsirləri, mübarizə yolları, narkotik vasitə istifadəçilərinin aşkar edilməsi, onlara yardım göstərilməsi və bu kimi məsələlər haqqında çıxış edib.

Tədbirin digər qonağı Respublika Narkoloji Mərkəzinin əməkdaşı, Sosial işçi Fidan Alışova mərkəzin fəaliyyəti, müalicə üsulları, yeniyetmə və gənclər arasında pis və zərərli vərdişlərin yayılması, yaratdığı təhlükələr və qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi haqqında məlumat verib.

Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası üzrə magistratura I kurs tələbələri Fəxriyyə Hüseynova “Narkomaniya nədir”, Günel Mirzəzadə “Narkomaniyanı yaradan səbəblər”, Rüfanə Hümmətova “Narkotik maddələr və onların yaratdığı fəsadlar”, Əminə Məmmədova “Narkomaniyaya düçar olmuş şəxslərlə psixo-sosial iş” mövzusunda məruzə ediblər.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.04.2021

 

DİGƏR XƏBƏRLƏR